Metallurgiyanın inkişafı maşınqayırma, tikinti və digər sənaye sahələri ilə əlaqələrin güclənməsinə imkan yarada bilər

Metallurgiyanın inkişafı maşınqayırma, tikinti və digər sənaye sahələri ilə əlaqələrin güclənməsinə imkan yarada bilər

Aytac Dəniz · Siyasət ·

Dağ-mədən sənayesinin iqtisadi əhəmiyyətini yalnız yeraltı sərvətlərin hasilatı ilə məhdudlaşdırmaq düzgün olmaz. Müasir sənaye siyasətində əsas məsələlərdən biri xammalın mümkün qədər yüksək əlavə dəyər yaradan məhsula çevrilməsidir. Azərbaycanın dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair yanaşmasında da bu prinsip xüsusi yer tutur.

“Azərbaycan Respublikasında 2027-2030-cu illərdə dağ-mədən (metal filizləri) və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramı”na əsasən zənginləşdirmə və emal mərhələlərinin ölkə daxilində yaradılması nəzərdə tutulur.  Belə yanaşma hasilatla sənaye emalı arasında birbaşa iqtisadi əlaqə formalaşdırır. Əgər filiz hasil olunur, lakin emal üçün xaricə göndərilirsə, əlavə dəyərin mühüm hissəsi istehsal zəncirinin digər mərhələlərində yaranır. Əksinə, emal müəssisələrinin ölkə daxilində yaradılması həmin dəyərin daha böyük hissəsinin milli iqtisadiyyatda qalmasına imkan verə bilər.

Ölkə başçısı cənab İlham Əliyev Dövlət Proqramı”na həsr olunmuş müşavirədəki çıxışında bir çox məqamlarla yanaşı bu məsələyə də xüsusi diqqət ayırdı. Belə ki, tam istehsal zəncirinin yaradılması həmçinin yeni sənaye müəssisələrinin meydana çıxmasını şərtləndirir. Bu müəssisələr metallurgiya, zənginləşdirmə, pelet və briketləşdirilmiş dəmir istehsalı kimi müxtəlif mərhələləri əhatə edə bilər. Daşkəsən filiz yatağının istismarı və ətraf ərazilərdə digər layihələrin həyata keçirilməsi bu sənaye modelinin əsas dayaqlarından biri kimi təqdim olunur. İstehsal zəncirinin genişlənməsi logistika imkanlarının da inkişaf etdirilməsini tələb edir. Filizin daşınması ilə bağlı tarif güzəştlərinin nəzərdə tutulması məhz iqtisadi səmərəliliyin təmin edilməsi məqsədi daşıyır. Metallurgiya sənayesinin inkişafı bu prosesin növbəti mərhələsini təşkil edir. Alüminium istehsalının genişləndirilməsini də proqramın əsas istiqamətlərindən biri kimi göstərir. 2030-cu ilin sonuna qədər alüminium istehsalının 100 min tona çatdırılması hədəfi müəyyənləşdirilir. 

Bunun üçün bir neçə zavodun yaradılması nəzərdə tutulur. Bu layihələr həyata keçirildiyi halda metallurgiyanın ölkənin sənaye strukturundakı rolu daha da genişlənə bilər. Metallurgiyanın inkişafı maşınqayırma, tikinti və digər sənaye sahələri ilə əlaqələrin güclənməsinə də imkan yarada bilər. Beləliklə, bir sektorda yaradılan istehsal imkanları digər sahələr üçün də yeni iqtisadi imkanlar formalaşdıra bilər. Bu baxımdan dağ-mədən və metallurgiya sənayesinin inkişafı yalnız bir sahənin genişləndirilməsi deyil, sənaye zəncirinin dərinləşdirilməsi prosesidir.

Tam istehsal zəncirinin yaradılması ixrac strukturunun dəyişdirilməsi baxımından da əhəmiyyət daşıyır. Xammal əvəzinə daha yüksək emal səviyyəsinə malik məhsulların ixracı potensial olaraq daha çox əlavə dəyər yarada bilər. Bununla yanaşı, belə sənaye modelinin uğuru texnologiya, kadr hazırlığı, enerji təminatı və logistika imkanlarının uyğunlaşdırılmasından asılı olacaqdır. Buna görə də Dövlət Proqramının əhəmiyyəti ayrı-ayrı mədən layihələrindən daha geniş sənaye siyasəti kontekstində qiymətləndirilir.

 Aytəkin Mahmudova

Neftçala rayonu