“Azərbaycan Respublikasında 2027-2030-cu illərdə dağ-mədən (metal filizləri) və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramı” ölkəmizdə ağ-mədən sənayesinin inkişafına hədəflənib
Dağ-mədən sənayesinin inkişafının ilkin şərtlərindən biri ölkənin mineral resurs potensialının düzgün müəyyən edilməsidir. Bu baxımdan geoloji kəşfiyyat işləri “Azərbaycan Respublikasında 2027-2030-cu illərdə dağ-mədən (metal filizləri) və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramı” nda xüsusi istiqamət kimi nəzərdən keçirilir. Mövcud yataqların yenidən qiymətləndirilməsi və yeni yataqların aşkar edilməsi sənayenin gələcək inkişaf imkanlarını genişləndirə bilər. Qeyd edək ki, Ssovet dövründə aparılmış geoloji tədqiqatların nəticələri uzun müddət əvvəl formalaşıb. Bu səbəbdən həmin məlumatların müasir texnologiyalar əsasında yenilənməsi zərurəti ortaya çıxır. Müasir geoloji üsullar yataqların ehtiyatlarını daha dəqiq müəyyən etməyə imkan verə bilər. Bu isə investisiya qərarlarının qəbulunda daha etibarlı informasiya bazası yaradır. Eyni zamanda, yeni kəşfiyyat işləri indiyədək tam öyrənilməmiş ərazilərin iqtisadi potensialını üzə çıxaracaqdır. Naxçıvan Muxtar Respublikası bu baxımdan ayrıca perspektivli istiqamət kimi göstərilir. Bildiyimiz kimi Naxçıvanda həm sovet dövründə, həm də sonrakı illərdə geoloji kəşfiyyat işlərinin lazımi səviyyədə aparılmayıb. Buna görə həmin ərazidə yeni kəşfiyyat işlərinin aparılması gələcəkdə yeni yataqların müəyyənləşdirilməsi baxımından əhəmiyyətli ola bilər.
Kəşfiyyatın nəticələri məlum olduqdan sonra hasilat və emal layihələrinin iqtisadi əsaslandırılması mümkünləşir. Beləliklə, geoloji tədqiqat sənaye layihələrinin başlanğıc mərhələsi olmaqla yanaşı, investisiya prosesinin də əsas informasiya bazasıdır. Dağ-mədən sektorunda investisiya ehtiyacının yüksək olması dövlət və özəl sektor əməkdaşlığını mühüm amilə çevirir. Dövlət Proqramı “AzerGold”un, eyni zamanda özəl sektorun bu prosesdə iştirakını nəzərdə tutur. Xarici investorların iştirakı da geoloji kəşfiyyatın nəticələrindən və layihələrin iqtisadi cəlbediciliyindən asılı olaraq mümkün hesab edilir. Bu model dövlətin strateji rolunu qorumaqla yanaşı, özəl kapitalın imkanlarından istifadə edilməsinə şərait yaradır. Xarici investorların iştirakı kapitaldan əlavə texnologiya və təcrübənin gətirilməsinə də imkan verə bilər.
Bununla belə, investisiya siyasətinin əsas məqsədi ölkə iqtisadiyyatına real və uzunmüddətli səmərə gətirən mexanizmlərin formalaşdırılmasıdır. Ölkə başçısı cənab İlham Əliyev Dövlət Proqramına həsr edilmiş müşavirədə geniş məzmunlu çıxış edərək, dağ-mədən sənayesinin ölkəmiz üçün prespektivli sahələrinə və bu istiqamətdə həyata keçirilməli olan işlərə diqqət çəkdi. Beləliklə, geoloji kəşfiyyat, investisiya və emal sənayesi bir-birini tamamlayan vahid inkişaf zəncirinə çevrilir. Bu prosesin nəticəsində Azərbaycanın mineral resurs potensialının iqtisadi imkanlara transformasiyası sürətlənəcəkdir.
Böyükağa Rəhmanov
Neftçala rayonu
