“Media üçün rəqəmsal səriştələr” layihəsi çərçivəsində növbəti görüş keçirilib - FOTOLAR

“Media üçün rəqəmsal səriştələr” layihəsi çərçivəsində növbəti görüş keçirilib - FOTOLAR

Aytac Dəniz · Media ·

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi (İRİA) tərəfindən “Media üçün rəqəmsal səriştələr” layihəsi çərçivəsində media nümayəndələri üçün növbəti maarifləndirici infosessiya təşkil olunub.

Sessiyalar jurnalistlərin rəqəmsal savadlılığının artırılması, Agentliyin fəaliyyəti və ölkədə rəqəmsal inkişaf sahəsində həyata keçirilən layihə və təşəbbüslər barədə məlumatlılığın gücləndirilməsi, eləcə də, media ilə əməkdaşlığın inkişaf etdirilməsi məqsədi daşıyır.

Media nümayəndələri ilə keçirilən görüşdə 30-dan çox media qurumu təmsil olunub. Tədbirdə açılış nitqi ilə çıxış edən rəqəmsal inkişaf və nəqliyyat nazirinin müşaviri Rəşad Bayramov insan kapitalının inkişafının ölkənin rəqəmsal transformasiya gündəliyində prioritet istiqamətlərdən biri olduğunu vurğulayıb. O, bu istiqamətdə qəbul edilmiş strateji sənədlər, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin həyata keçirdiyi layihələr və beynəlxalq texnologiya şirkətləri ilə əməkdaşlıq çərçivəsində yaradılan imkanlar barədə məlumat verib.

Görüşdə Agentliyin Rəqəmsal səriştələrin inkişafı departamentinin müdiri Vüsalə Qurbanova tərəfindən rəqəmsal savadlılıq, məlumat təhlükəsizliyi, İKT sahəsində kadr potensialının inkişafı və dövlətin bu istiqamətdə həyata keçirdiyi strategiya barədə təqdimat keçirilib. Həmçinin Agentliyin təlim proqramları, universitetlərlə əməkdaşlıq çərçivəsində həyata keçirilən təşəbbüslər, mütəxəssislərin yerli və beynəlxalq əmək bazarına inteqrasiyası, eləcə də ölkənin beynəlxalq rəqəmsal inkişaf reytinqlərində mövqeyinin gücləndirilməsi istiqamətində görülən işlər barədə məlumat verilib.

Bununla yanaşı, tədbirdə “Rəqəmsal İnkişaf Konsepsiyası” və “Rəqəmsal inkişafın sürətləndirilməsinə dair 2026–2028-ci illər üçün Fəaliyyət Planı” çərçivəsində dövlət qurumlarının təlim ehtiyaclarının müəyyənləşdirilməsi, Milli Rəqəmsal Səriştə Çərçivəsinin hazırlanması və əhalinin rəqəmsal savadlılığının qiymətləndirilməsi istiqamətində görülən işlər barədə məlumat verilib. Eyni zamanda, media nümayəndələri, dövlət rəsmiləri, parlament əməkdaşları və ictimai sektor təmsilçiləri üçün rəqəmsal bacarıqlar, süni intellekt və kibertəhlükəsizlik üzrə təşkil olunan təlimlərdən bəhs edilib.
Görüşün sonunda jurnalistlərin sualları cavablandırılıb və iştirakçılar arasında qısa müsabiqə keçirilib. Rəqəmsal inkişaf sahəsində görülən işlər barədə məlumatlılığın artırılması və media ilə əməkdaşlığın gücləndirilməsi məqsədilə bu formatda görüşlərin mütəmadi təşkili planlaşdırılır.