Türk dünyasında futbolçulara yerli oyunçu statusu veriləcək

Türk dünyasında futbolçulara yerli oyunçu statusu veriləcək

Fərid Əlizadə · Media ·

Türkdilli ölkələrin futbolçularının bir-birinin ölkəsində legioner deyil, yerli oyunçu statusunda çıxış etməsini nəzərdə tutan ortaq qərar qəbul edilib. Bu barədə Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AK Parti) sədr müavini Kürşad Zorlu açıqlama verib.

Redaksiya məlumat verir ki, Zorlu keçirilən zirvə görüşündə türk dünyasında futbol sahəsində əməkdaşlığın genişləndirilməsinə dair mühüm razılıq əldə olunduğunu bildirib.

“Bu zirvə ilə türkdilli ölkələrdən olan futbolçularımız artıq bir-birimizin ölkələrində yerli oyunçu hesab ediləcək və legioner statusunda olmayacaqlar. Türk dünyasında ortaq futbol ekosistemi yaradacağıq”, – deyə Zorlu vurğulayıb.

Onun sözlərinə görə, qəbul edilən qərar istedadlı futbolçuların türk dövlətləri arasında qarşılıqlı transfer imkanlarını genişləndirəcək.

“Bu ortaq qərar sayəsində istedadlı oyunçuları qarşılıqlı şəkildə ölkələrimizə gətirə biləcəyik. Türkiyə futbolunda və regionumuzda inqilabi addım atırıq”, – deyə AK Parti sədrinin müavini bildirib.

Yeni yanaşma türk dövlətlərinin futbol klubları arasında oyunçu mübadiləsini asanlaşdırmağa və regional futbol əməkdaşlığını gücləndirməyə yönəlib.

Bununla belə, qərarın hansı ölkələrin futbol liqalarını əhatə edəcəyi, nə vaxt qüvvəyə minəcəyi və tətbiq mexanizmləri barədə əlavə təfərrüatlar açıqlanmayıb.