Liviyanın Türkiyə ilə dəniz yurisdiksiya sahələrinin müəyyənləşdirilməsinə dair razılaşmanı təsdiqləməsi Yunanıstanda siyasi mübahisələrə səbəb olub. Hakim Yeni Demokratiya Partiyasının bəzi deputatları bu qərarı Afinanın xarici siyasəti üçün məğlubiyyət kimi qiymətləndiriblər. Açıqlamalar Baş nazir Kiriakos Miçotakisin hökumətində narazılıq yaradıb. Bu barədə Türkiyənin “gdh” xəbər portalı Yunanıstanın “Kathimerini” qəzetinə istinadən məlumat yayıb.
Redaksiya mənbəyə istinadən xəbər verir ki, Liviyanın şərqində fəaliyyət göstərən Nümayəndələr Palatası oktyabrın 20-də Türkiyə ilə 2019-cu ildə imzalanmış dəniz yurisdiksiya sahələrinin delimitasiyasına dair memorandumu yekdilliklə təsdiqləyib.
Yunanıstanın hakim Yeni Demokratiya Partiyasından deputat Dimitris Kalogeropulos bu qərarı ölkəsi üçün uğursuzluq kimi qiymətləndirərək “acı həbi udduq” ifadəsini işlədib. Partiyanın digər deputatı Dimitris Keridis isə baş verənləri “siyasi məğlubiyyət” adlandırıb.
“Kathimerini” qəzetinin məlumatına görə, xüsusilə Keridisin açıqlaması Miçotakisə yaxın siyasi dairələrdə narahatlıq doğurub. Beynəlxalq münasibətlər professoru olan Keridisin hakim partiyanın parlament sözçüsü vəzifəsini də icra etməsi onun fikirlərinə əlavə siyasi əhəmiyyət qazandırıb.
Nəşr yazır ki, Baş nazirin ətrafındakı şəxslər Keridisin belə məsələlərdə daha ehtiyatlı danışmasını gözləyirlər. Onun açıqlaması Türkiyə-Liviya razılaşması ilə bağlı fikir ayrılıqlarının artıq hakim partiya daxilində də özünü göstərdiyini üzə çıxarıb.
Qeyd edək ki, Türkiyə ilə Liviya arasında dəniz yurisdiksiya sahələrinin müəyyənləşdirilməsinə dair memorandum 27 noyabr 2019-cu ildə imzalanıb. Razılaşma Şərqi Aralıq dənizində iki ölkənin dəniz səlahiyyət zonalarının sərhədlərini müəyyənləşdirməyi nəzərdə tutur.
Həmin dövrdə Liviya şərqindəki Nümayəndələr Palatası razılaşmanı tanımamışdı. Lakin oktyabrın 20-də qəbul edilən qərarla parlament əvvəlki mövqeyini dəyişərək memorandumu təsdiqləyib.
Bundan əlavə, Liviya parlamenti 2020-ci ildə Türkiyə ilə əldə olunan razılaşmaları rədd edən və Ankara ilə siyasi münasibətlərin dayandırılmasını nəzərdə tutan əvvəlki qərarlarını da ləğv edib.
Yunanıstan isə bu addıma etirazını davam etdirir. Afina Türkiyə-Liviya memorandumunun beynəlxalq dəniz hüququna zidd olduğunu və regiondakı digər dövlətlərin suveren hüquqlarını pozduğunu iddia edir.
Yunanıstanın BMT-dəki daimi nümayəndəsi Aqlaya Balta xarici işlər naziri Yorqos Yerapetritisin göstərişi ilə BMT Baş katibi Antonio Quterreşə məktub göndərib. Məktubda Afinanın razılaşmanı etibarsız hesab etdiyi və onun üçüncü dövlətlərə münasibətdə hüquqi nəticə yaratmayacağı mövqeyi təkrarlanıb.
Türkiyə isə memorandumun beynəlxalq hüquqa və ədalət prinsiplərinə uyğun olduğunu müdafiə edir. Ankara hesab edir ki, razılaşma Türkiyə və Liviyanın Şərqi Aralıq dənizindəki hüquqlarını və iqtisadi maraqlarını qoruyur.
Liviya parlamentinin qərarından sonra Yunanıstan Misirlə də diplomatik təmaslarını intensivləşdirib. İki ölkənin xarici işlər nazirləri mövcud dəniz sərhədləri razılaşmasının şərqə doğru genişləndirilməsi məsələsini müzakirə etməyə qərar veriblər.
Yunanıstan və Misir 2020-ci ildə Şərqi Aralıq dənizində müstəsna iqtisadi zonalarının bir hissəsini müəyyənləşdirən saziş imzalayıblar. Yeni müzakirələr xüsusilə 28-ci meridiandan şərqdə yerləşən və Türkiyənin də hüquq iddia etdiyi dəniz ərazilərini əhatə edə bilər.
Liviyanın qərarı Türkiyənin Şərqi Aralıq dənizindəki diplomatik mövqeyini gücləndirən addım kimi qiymətləndirilsə də, regiondakı dəniz sərhədləri ilə bağlı fikir ayrılıqları həll olunmayıb.
Afinada yaranan siyasi mübahisələr isə Miçotakis hökumətinin Şərqi Aralıq dəniz siyasətinin hakim partiya daxilində də tənqid edilməyə başladığını göstərir.
