Yaponiyada xarici agentlər haqqında qanun müzakirə olunur

Yaponiyada xarici agentlər haqqında qanun müzakirə olunur

Sevinc Kərimova · Media ·

Yaponiyada xarici dövlətlərin maraqlarına xidmət edən şəxslərin fəaliyyətini tənzimləmək məqsədilə yeni qanun layihəsinin müzakirəsinə başlanılıb. Təşəbbüs xarici hökumətlərin maraqları naminə lobbiçilik və digər fəaliyyətlərlə məşğul olan şəxslərin rəsmi qeydiyyata alınmasını nəzərdə tutur. Bu barədə Yaponiyanın “Nikkei” qəzeti məlumat yayıb.

Redaksiya mənbəyə istinadən xəbər verir ki, casusluğa qarşı mübarizə haqqında qanun kimi təqdim edilən təşəbbüs çərçivəsində xarici dövlətlərin maraqlarını təmsil edən şəxslərin xarici agent statusunda qeydiyyatdan keçməsi məcburi ola bilər.

Qanun layihəsində dövlət qərarlarının qəbuluna və ölkədə seçkilərin keçirilməsinə qəsdən mane olmağa yönəlmiş fəaliyyətlərə görə cərimələrin tətbiqi də nəzərdə tutulur.

Məlumata görə, Yaponiyanın Baş nazirinin dəftərxanasında ölkənin kəşfiyyat imkanlarının gücləndirilməsinə həsr olunmuş ekspert müşavirəsi keçirilib. Görüşdə məlumatların toplanması və təhlili sahəsində mövcud imkanların inkişaf etdirilməsi məsələləri müzakirə olunub.

Hökumət tərəfindən müzakirələrdə Baş nazirin aparat rəhbərinin müavini Yasuxiro Tsuyuki və Milli Kəşfiyyat İdarəsinin baş direktoru Kazuya Hara iştirak ediblər.

Yeni qanun təşəbbüsü xarici dövlətlərin Yaponiyanın daxili siyasi proseslərinə mümkün müdaxiləsinin qarşısını almağa və ölkənin əks-kəşfiyyat imkanlarını gücləndirməyə yönəlib.

Hazırda təkliflər müzakirə mərhələsindədir. Xarici agentlərin qeydiyyatı və nəzərdə tutulan cərimələrlə bağlı müddəaların hansı formada qəbul ediləcəyi hələ müəyyənləşməyib.