İlon Mask Starship proqramının növbəti mühüm mərhələləri barədə danışıb və qarşıdakı 14-cü sınaq uçuşunun gəminin tutulmasına cəhddən əvvəl son uçuş olacağını bildirib.
Redaksiya xəbər verir ki, Maskın sözlərinə görə, 14-cü uçuş uğurlu keçərsə, 15-ci sınaqda Starship gəmisinin qüllə vasitəsilə tutulmasına cəhd ediləcək.
Mask bildirib ki, bu ilin sonuna və ya daha böyük ehtimalla gələn ilin əvvəlinə qədər həm Starship gəmisinin, həm də daşıyıcı sürətləndiricinin təkrar uçuşu həyata keçirilə bilər.
Onun sözlərinə görə, gəminin də təkrar istifadəsi mümkün olduqdan sonra SpaceX ilk tam təkrar istifadə edilə bilən orbital raket sistemini yaratmış olacaq. Məqsəd sistemin yalnız təkrar istifadəsi deyil, təyyarələr kimi qısa müddətdə yenidən uçuşa hazırlanmasıdır.
Mask Starship gəmisinin növbəti mərhələdə uğurla tutulması ehtimalını ən azı 50–60 faiz qiymətləndirib.
O həmçinin bildirib ki, sistemin konstruksiyası tam təkrar istifadəyə imkan verir və 2027-ci ildə sürətli təkrar istismarla birlikdə bu məqsədə çatmağın çox yüksək ehtimal olduğunu düşünür.
