İranın Mahan Air aviaşirkəti Türkiyə və Oman istiqamətində uçuşlarını dayandırmaq qərarına gəlib. Şirkət bu addımın həmin ölkələrin aviasiya qurumlarının qərarlarından sonra atıldığını açıqlayıb. Bu barədə IranWire portalı məlumat yayıb.
Redaksiya istinadla xəbər verir ki, Tehran-Maskat-Tehran marşrutu üzrə uçuşlar sentyabrın 17-dən etibarən ləğv edilib. Tehran-İstanbul və Tehran-Ankara reyslərinin isə sentyabrın 21-dən dayandırılması planlaşdırılır. Türkiyə istiqamətində son uçuşların sentyabrın 20-də həyata keçiriləcəyi bildirilir.
Məlumata görə, Gürcüstan da oxşar addım atmağa hazırlaşır və Mahan Air-in bu ölkəyə uçuşlarının sentyabrın 21-dən dayandırılması gözlənilir. Qərarlar ABŞ-ın İranın aviasiya sektoruna qarşı sanksiyaları genişləndirməsindən sonra qəbul edilib.
Mahan Air 2011-ci ildən ABŞ sanksiyaları altındadır. Vaşinqton aviaşirkəti İran İslam İnqilabı Keşikçiləri Korpusunun Qüds Qüvvələrinə maliyyə, maddi və texniki dəstək göstərməkdə ittiham edir. Bununla yanaşı, digər İran aviaşirkətlərinin Türkiyə və Oman istiqamətində uçuşları hazırda davam edir.
