ABŞ Adliyyə Nazirliyi Jeffrey Epstein işi ilə bağlı yeni sənədləri ictimaiyyətə açıqlayıb və bu materiallar geniş müzakirələrə səbəb olub. Açıqlanan dosyalar arasında prokuror yazışmaları, rəsmi qeydlər, uçuş siyahıları və Epsteinin həbsxanada ölümü ilə bağlı sənədlər yer alır.
Redaksiya The New York Times-a istinadla xəbər verir ki, qəzetin dərc etdiyi təhlildə sənədlərdə ABŞ prezidenti Donald Trampın adı ilə bağlı yüzlərlə istinada rast gəlindiyi bildirilir. Təhlilə əsasən, bu istinadların bir hissəsi media materialları olsa da, bəzi qeydlər birbaşa Epsteinə məxsus “Lolita Ekspres” adlı xüsusi təyyarə ilə həyata keçirilmiş uçuşlara dair məlumatları əhatə edir.
Məlumatlara görə, 1993–1996-cı illər arasında ABŞ prezidenti Donald Tramp Epsteinə məxsus Boeing 727-100 tipli təyyarədə səkkiz dəfə sərnişin kimi uçub. Sənədlərdə göstərilir ki, həmin uçuşların bəzilərində sonradan insan alveri ittihamı ilə məhkum edilmiş Ghislaine Maxwell də yer alıb və bəzi səfərlərdə mümkün şahidlər təyyarədə olub.
Qəzetin təhlilində vurğulanır ki, sənədlərin böyük hissəsi ABŞ-nin rəsmi qurumları tərəfindən təsdiqlənsə də, indiyədək ABŞ prezidenti Donald Tramp və digər nüfuzlu şəxslər barədə hər hansı cinayət ittihamı irəli sürülməyib. Buna baxmayaraq, açıqlanan materiallar ABŞ daxilində və beynəlxalq müstəvidə siyasi və hüquqi mübahisələrin davam etməsinə səbəb olur.
