Kubanının Rusiya və İrandan 300-dən çox hərbi dron aldığı və ABŞ-la mümkün silahlı qarşıdurma halında onların istifadəsini müzakirə etdiyi iddia olunur.
Redaksiya Axios-a istinadla xəbər verir ki, məxfi kəşfiyyat məlumatlarında Havana administrasiyasının Quantanamo körfəzi, ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus gəmilər və ehtimal olaraq Floridanın Key West bölgəsinə qarşı zərbə ssenarilərini nəzərdən keçirdiyi bildirilir.
Məlumata görə, Kuba bu ilin yazında Moskvadan əlavə dron partiyaları və hərbi texnika tədarükü də istəyib. Bu iddialar ABŞ və Kuba arasında son həftələrdə artan gərginlik fonunda gündəmə gəlib.
Axios-a danışan yüksək rütbəli ABŞ rəsmilərindən biri bildirib ki, bu kəşfiyyat məlumatları Tramp administrasiyasında ciddi narahatlıq yarada bilər. Onun sözlərinə görə, belə məlumatlar Vaşinqton tərəfindən Kubaya qarşı daha sərt addımlar üçün əsas kimi istifadə oluna bilər.
Hələlik Havana, Moskva və Tehran bu iddialarla bağlı rəsmi açıqlama verməyib. Buna görə məlumatlar təsdiqlənmiş hərbi əməliyyat planı deyil, ABŞ kəşfiyyatına əsaslanan iddia kimi qiymətləndirilir.
