ABŞ-ın keçmiş CIA direktoru Devid Petreus Ukrayna müharibəsinin gələcək savaş modelini dəyişdiyini bildirib.
Redaksiya xəbər verir ki, Petreusun sözlərinə görə, ABŞ hələ də Ukraynadakı müharibədən kifayət qədər dərs çıxarmayıb.
O qeyd edib ki, gələcəyin müharibəsi artıq Ukraynada görünür. Petreusun sözlərinə görə, təkcə Ukrayna gündə təxminən 10 min drondan istifadə edir.
Keçmiş CIA rəhbəri bildirib ki, Rusiya ordusunun itkilərinin böyük hissəsi məhz dron hücumları ilə bağlıdır. Onun sözlərinə görə, Rusiya itkilərinin təxminən 90 faizi dronlar nəticəsində baş verir.
Petreus hesab edir ki, bu reallıq dünya ordularını fundamental dəyişikliklərə məcbur edir.
Ekspertlərə görə, Ukrayna müharibəsi kəşfiyyat, artilleriya, hava hücumundan müdafiə, elektron müharibə və taktiki səviyyədə qərarvermə prosesində dronların rolunu kəskin şəkildə artırıb.
Bu səbəbdən müasir ordular artıq yalnız tank, təyyarə və klassik artilleriyaya deyil, ucuz, kütləvi və sürətli istehsal olunan dron sistemlərinə də əsaslanmalı olacaq.
