ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin keçmiş direktoru Devid Patreus Suriyanın dövlət başçısı Əhməd Şara ilə birgə iştirak etdiyi Concordia adlı platformada diqqətçəkən açıqlamalar verib. O, çıxışı zamanı İraqdakı müharibə illərinə toxunaraq həmin dövrdə iki tərəfin qarşı cəbhələrdə olduğunu xatırladıb. Patreus bildirib ki, o vaxt əməliyyatlara rəhbərlik edən tərəf olub, Şara isə həmin dövrdə həbs olunmuşdu.
Redaksiya xəbər verir ki, Patreusun sözlərinə cavab olaraq Suriya Prezidenti Şara müharibə dövrünün artıq arxada qaldığını qeyd edib. O bildirib ki, bu gün əsas məqsəd silahlı toqquşmaların deyil, diplomatiyanın önə çəkilməsidir. Şara əlavə edib ki, hazırda beynəlxalq tədbirlərdə ölkəsini təmsil etməsi bunun bariz nümunəsidir.
Tədbirdə çıxış edən tərəflər həmçinin regionun gələcəyində dialoqun və diplomatik vasitələrin əhəmiyyətini vurğulayıblar. Onların fikrincə, bölgədə sabitlik yalnız siyasi həll yolları və beynəlxalq əməkdaşlıqla mümkündür.
