İranda vəziyyətin kəskinləşməsi və etirazların pik həddə çatması fonunda ABŞ-nin hərbi müdaxilə ehtimalı beynəlxalq gündəmin əsas mövzularından birinə çevrilib. Bu proseslər fonunda mərhum siyasətçi Vladimir Jirinovskinin illər əvvəl səsləndirdiyi fikirlər yenidən gündəmə gətirilir.
Redaksiya məlumat verir ki, Vladimir Jirinovski hələ 2013-cü ildə çıxışlarında ABŞ ilə İran arasında toqquşmanın qaçılmaz ola biləcəyini bildirərək, Vaşinqtonun əsas məqsədinin demokratiya deyil, enerji resursları üzərində nəzarət olduğunu vurğulamışdı. Onun fikrincə, İrana mümkün zərbələr neft qiymətlərinin kəskin artımına səbəb ola bilər.
Jirinovski hesab edirdi ki, belə bir ssenari neftin bir barelinin qiymətini 200-300 dollar səviyyəsinədək yüksəldə bilər. Bu halda əsas zərbə Çin iqtisadiyyatına dəyəcək, eyni zamanda Avropa İttifaqı da ağır enerji və iqtisadi böhranla üzləşəcək.
Siyasətçi çıxışlarında Azərbaycanın da xüsusi roluna diqqət çəkərək, İrandan mümkün qaçqın axınının əsasən şimal istiqamətində hərəkət edə biləcəyini, bu baxımdan Azərbaycan dəhlizinin strateji əhəmiyyət daşıdığını qeyd etmişdi. Onun fikrincə, bu amil regionda geosiyasi balanslara birbaşa təsir göstərə bilər.
Hazırda ABŞ-nin İrana birbaşa hərbi müdaxiləsi baş verməsə də, beynəlxalq mediada yayılan məlumatlar hazırlıq proseslərinin davam etdiyini göstərir. Müşahidəçilər hesab edirlər ki, yaxın dövrdə baş verəcək hadisələr Jirinovskinin səsləndirdiyi proqnozların nə dərəcədə reallaşacağını üzə çıxara bilər.
