İsrailin Təhlükəsizlik Kabinetinin Qəzza atəşkəsi və əsirlərin azad edilməsi üzrə razılaşmanı təsdiqləmək üçün çağırılan iclası səsvermə aparılmadan yekunlaşıb. Yığıncaq yerli vaxtla saat 17:00-da planlaşdırılsa da, “Yedioth Ahronoth” qəzetinə görə, bir saatdan çox gec başlayıb.
Redaksiya xəbər verir ki, iclas dörd saatdan çox davam etdikdən sonra qərar qəbul edilmədən bağlanıb. Razılaşmanın təsdiqi üçün hökumətin növbəti iclası cümə axşamı saat 22:00-da keçiriləcək. Hökumət sözçüsü Şoş Bedrosian bildirib ki, Qəzzada atəşkəs razılaşma təsdiqləndikdən 24 saat sonra qüvvəyə minəcək.
Məlum olduğu kimi, razılaşma dörd günlük dolayı danışıqlardan sonra Misirin Şarm əl-Şeyx şəhərində Türkiyə, Misir, Qətər və ABŞ-ın vasitəçiliyi ilə əldə edilib. Trampın sentyabrın 29-da açıqladığı 20 maddəlik Qəzza planı bütün israilli əsirlərin azad edilməsi, təxminən 2000 fələstinli məhbusun sərbəst buraxılması, daimi atəşkəs və İsrail qüvvələrinin Qəzzadan mərhələli çıxarılmasını nəzərdə tutur.
Planın ikinci mərhələsində HƏMAS-ın iştirak etmədiyi yeni idarəetmə mexanizminin qurulması, fələstinlilərdən və ərəb-İslam ölkələrinin hərbçilərindən ibarət təhlükəsizlik qüvvəsinin formalaşdırılması, HƏMAS-ın tərksilah edilməsi, eləcə də Qəzzanın bərpası üçün ərəb və İslam fondlarının yaradılması nəzərdə tutulur.
