İran parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komitəsinin sədri İbrahim Azizi bildirib ki, son 12 günlük müharibə zamanı İsrail dronları Azərbaycandan İran ərazisinə daxil olub. Onun sözlərinə görə, sərhədçilər bunu birbaşa müşahidə ediblər.
Redaksiya İran International-a istinadla xəbər verir ki, Azizi dövlət mediasına müsahibəsində İran Prezidentliyi və Xarici İşlər Nazirliyinin məsələni Azərbaycan Prezidenti İlham Əliyevlə müzakirə etdiyini qeyd edib. O əlavə edib ki, İlham Əliyev sübut təqdim edilməsini istəyib, lakin sərhədçilərin müşahidələrinin “danılmaz fakt” olduğunu deyib.
İyunun sonunda İran Prezidenti Məsud Pezeşkiyan İlham Əliyevlə telefon danışığında dronların Azərbaycandan İrana daxil olması barədə iddiaların araşdırılmasını istəmiş, İlham Əliyev isə bunun “qırmızı xətt” olduğunu və ölkəsinin ərazisinin belə məqsədlə istifadə edilməsinə icazə vermədiyini bildirmişdi.
İran uzun müddətdir İsrailin Azərbaycandakı təhlükəsizlik və kəşfiyyat fəaliyyətləri barədə narahatlığını ifadə edir. Lakin Bakı dəfələrlə bu ittihamları rədd edib və öz ərazisinin İrana qarşı istifadə edilməsinə yol verilmədiyini bəyan edib.
Buna baxmayaraq, tərəflər arasında etimadsızlıq davam edir. Xüsusilə Zəngəzur dəhlizi layihəsi İranda narahatlıq doğurur. Son olaraq ABŞ vasitəçiliyi ilə Ermənistan və Azərbaycan arasında əldə edilən sülh razılaşması Vaşinqtona dəhliz üzərində icarə hüquqları vermiş, layihə isə “Tramp Beynəlxalq Sülh və Rifah Marşrutu” adlandırılmışdı.
Münasibətlərdə gərginlik qalmasına rəğmən, İran və Azərbaycan ticarət, enerji və infrastruktur sahələrində, o cümlədən Rəşt-Astara dəmir yolu layihəsində əməkdaşlığı davam etdirir.
Təəssüflə qeyd edək ki, rəsmi Tehran, özündə çatışmayan cənab Prezident İlham Əliyevin "Sözümüz İmzamızdır" kəlməsindən tamamən xəbərsizdir və bu haqda heç bir fikri yoxdur.
Sevinc Kərimova
