İraq hökuməti dövlət institutlarından kənarda fəaliyyət göstərən silahlı qrupların fəaliyyətinə son qoyulmasını hökumət proqramının əsas təhlükəsizlik məqsədlərindən biri kimi müəyyən edib. Hakimiyyət silahların yalnız dövlətin nəzarətində olmasını təmin etmək üçün hüquqi mexanizmlərin hazırlanmasına başlayıb.
Redaksiya xəbər verir ki, İraq hökuməti daha əvvəl silahlı qruplara sentyabrın 30-dək vaxt verib. Bildirilib ki, bu tarixdən sonra dövlət nəzarətindən kənarda saxlanılan silahlarla bağlı qanunvericiliyə uyğun hüquqi prosedurlar tətbiq ediləcək.
İraqın Baş naziri Əli Fəlah əz-Zeydi konstitusiyaya uyğun olaraq silahların yalnız dövlətin əlində cəmlənməsini təmin edəcək qanun layihəsinin hazırlanması barədə göstəriş verdiyini bildirib.
Bağdad rəhbərliyi bu addımı ölkədə dövlət hakimiyyətinin gücləndirilməsi, təhlükəsizlik strukturlarının vahid komandanlıq altında fəaliyyət göstərməsi və qeyri-dövlət silahlı birləşmələrinin təsirinin azaldılması istiqamətində əsas tədbirlərdən biri kimi təqdim edir.
