İranda qadınlardan ibarət xüsusi Bəsic bölmələri yaradılır

İranda qadınlardan ibarət xüsusi Bəsic bölmələri yaradılır

Nizami Salmanov · Media ·

İran İslam İnqilabı Keşikçiləri Korpusu və ona bağlı Bəsic qüvvələri "Canfəda" səfərbərlik kampaniyası çərçivəsində qadınları da hərbi və yarımhərbi hazırlığa cəlb edir. Rəsmi kampaniya məlumatlarına görə, qeydiyyatdan keçənlərin təxminən 32 faizini qadınlar təşkil edir. Bu barədə IranWire və İran mediası məlumat yayıb.

Redaksiya istinadla xəbər verir ki, proqram çərçivəsində iştirakçılara atıcı silahlardan istifadə, mikrodronların idarə olunması, tank əleyhinə və hava hücumundan müdafiə vasitələri, şəhər şəraitində təhlükəsizlik, kəşfiyyat və ilkin tibbi yardım üzrə hazırlıq keçirilir. Tehran şəhərində qadınlar üçün ayrıca döyüş və müdafiə hazırlığı proqramları da təşkil olunub.

Bəsic rəhbərliyi "Canfəda" kampaniyası üzrə könüllülərin mərhələli şəkildə müdafiə bölmələrinə inteqrasiya ediləcəyini bildirib. Tehran əyalətində qadınların iştirakı ilə genişmiqyaslı təlimlər keçirilib və qadınlardan ibarət ixtisaslaşmış bölmələrin yaradılması istiqamətində hazırlıq aparıldığı açıqlanıb.

Kampaniyanın əsas hədəflərindən biri ölkə üzrə 1000 "Milli Xalq Müqavimət Batalyonu" və eyni sayda fövqəladə hallara cavab bölməsi formalaşdırmaqdır. İran rəsmiləri bu strukturların müharibə, təhlükəsizlik böhranı və fövqəladə vəziyyət zamanı dövlət qüvvələrinə dəstək verməsi üçün nəzərdə tutulduğunu bildirirlər.

"Canfəda" kampaniyası 2026-cı ilin yazında regional hərbi gərginliyin artmasından sonra başladılıb. İran hakimiyyəti kampaniyaya on milyonlarla insanın qoşulduğunu iddia etsə də, həmin rəqəmlərin müstəqil şəkildə təsdiqlənməsi mümkün olmayıb.