İsrailin Baş naziri Benyamin Netanyahu Təl-Əvivə uçmalı olan Flydubai təyyarəsində pilotlardan birinin bıçaqlı hücum həyata keçirdiyini təsdiqləyib. Onun sözlərinə görə, hücum edən pilot Səudiyyə Ərəbistanı hakimiyyəti tərəfindən saxlanılıb və hazırda dindirilir. Bu barədə The Jerusalem Post məlumat yayıb.
Redaksiya istinadla xəbər verir ki, Netanyahu təyyarədə olan bütün sərnişinlərin təhlükədən kənarda olduğunu bildirib. Baş nazirin sözlərinə görə, israilli sərnişinlərdən biri ekipaj üzvü ilə birlikdə kokpitə daxil olaraq hücum edən pilotu zərərsizləşdirib, digər ekipaj üzvü isə təyyarənin idarə olunmasını sabitləşdirib.
Netanyahu müdaxilə edən sərnişinləri və ekipaj üzvlərini cəsarətlərinə görə təqdir edib. O bildirib ki, onların hərəkətləri çoxsaylı insanların həyatını xilas edib və daha böyük faciənin qarşısını alıb. Təyyarə Səudiyyə Ərəbistanının Tabuk hava limanına təhlükəsiz eniş edib.
İsrailin müdafiə naziri İsrael Kats hadisəni terror hücumu cəhdi adlandırıb. Onun sözlərinə görə, ilkin məlumata əsasən hücum edən pilotun məqsədi təyyarəni qəzaya uğratmaq olub. Bununla belə, hadisənin motivi və bütün detalları üzrə araşdırma Səudiyyə Ərəbistanı tərəfindən davam etdirilir.
