ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Con Ratkliff avqustun sonunda Moskvaya səfəri zamanı Rusiya rəhbərliyinə müharibənin davam edəcəyi halda ölkə iqtisadiyyatının Sovet İttifaqının Soyuq müharibənin sonunda üzləşdiyi böhrana bənzər çöküş yaşaya biləcəyi barədə xəbərdarlıq edib. Bu barədə Frankfurter Allgemeine Zeitung məlumat yayıb.
Redaksiya istinadla xəbər verir ki, ABŞ kəşfiyyatının qiymətləndirməsinə əsasən, Ukraynadakı döyüş meydanında vəziyyət dalana doğru gedir, lakin Rusiya mövcud müharibə xərclərini uzun müddət iqtisadi baxımdan davam etdirə bilməyəcək. Ratkliffin Moskvaya əsas mesajının Rusiyanın zaman keçdikcə daha zəif mövqeyə düşəcəyi və danışıqlara getməsinin vacibliyi olduğu bildirilir.
Məlumata görə, Rusiya Prezidenti Vladimir Putin Ratklifflə keçirilməsi planlaşdırılan görüşü bu qiymətləndirmə barədə məlumat aldıqdan sonra ləğv edib. Kremlin avqust ayında verdiyi rəsmi açıqlamada Ratkliffin Putinlə görüşmədiyi təsdiqlənmiş, təmasların yalnız Rusiya xüsusi xidmət orqanlarının rəhbərləri ilə aparıldığı bildirilmişdi.
Ratkliff Moskvada Federal Təhlükəsizlik Xidmətinin rəhbəri Aleksandr Bortnikov və Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Sergey Narışkinlə görüşüb. ABŞ mediasının əvvəlki məlumatlarında da CIA rəhbərinin Rusiya tərəfinə hərbi və iqtisadi vəziyyətlə bağlı mənfi qiymətləndirmə təqdim etdiyi və Moskvanı Ukrayna ilə razılaşma əldə etməyə çağırdığı qeyd olunurdu.
FAZ-ın mənbəsinə görə, Vaşinqton hesab edir ki, Rusiya rəhbərliyi ABŞ-ın zaman keçdikcə Ukraynaya dəstəyindən imtina edəcəyinə ümid etməməlidir. ABŞ tərəfinin Moskvaya çatdırdığı əsas mövqe müharibənin iqtisadi yükünün artacağı və danışıqların Rusiya üçün daha əlverişli seçim ola biləcəyi barədə olub.
