İranın Fars agentliyi mənbələrə istinadla Tehran və Vaşinqton arasında hazırlanan razılaşma layihəsinin bəzi detallarını açıqlayıb.
Redaksiya xəbər verir ki, layihəyə əsasən, İranın xaricdə dondurulmuş aktivlərindən 12 milyard dollar dərhal Tehrana ödənilə bilər.
Məlumata görə, sanksiyalar və İranın nüvə proqramı ilə bağlı məsələlərin Livanda atəşkəs əldə olunmasından və İranın xarici aktivlərinin bir hissəsinin açılmasından sonra müzakirə edilməsi nəzərdə tutulur.
Fars-ın yazdığına görə, layihə İranın nüvə obyektlərinin sökülməsini və nüvə materiallarının utilizasiyasını nəzərdə tutmur.
Sənəddə Tehranın Hörmüz boğazından keçən gəmilərdən ödəniş almaq hüququndan imtina etməsi barədə ayrıca müddəanın olmadığı da bildirilir.
ABŞ Prezidenti Donald Tramp isə İranla razılaşmanın əsas bəndlərinin böyük hissəsinin artıq razılaşdırıldığını bildirib.
Tramp əlavə edib ki, bu gün köməkçiləri ilə keçiriləcək müşavirədən sonra yekun qərar verəcək.
ABŞ prezidentinin sözlərinə görə, İran nüvə silahından tam imtina etməlidir. O həmçinin bildirib ki, razılaşma Hörmüz boğazının dərhal açılmasını və gəmilərdən keçid haqqı alınmamasını nəzərdə tutur.
Beləliklə, İran mediası ilə ABŞ tərəfinin açıqlamaları arasında bəzi mühüm fərqlər qalır. Əsas ziddiyyətlər Hörmüz boğazından ödəniş alınması, nüvə proqramının gələcək statusu və dondurulmuş aktivlərin açılması şərtləri ilə bağlıdır.
