İnvestisiya əməkdaşlığının genişlənməsi ticarət dövriyyəsinin artmasına da əlavə stimul verə bilər

İnvestisiya əməkdaşlığının genişlənməsi ticarət dövriyyəsinin artmasına da əlavə stimul verə bilər

Aytac Dəniz · İqtisadiyyat ·

Türk dünyasının mühüm aktorlarından olan Azərbaycan və Özbəkistan münasibətlərinin gələcək inkişafında qarşılıqlı investisiyalar mühüm rol oynayır. İnvestisiyalar iki ölkə arasında iqtisadi əlaqələrin daha dayanıqlı və uzunmüddətli xarakter almasına imkan verir.

Son dövrlərdə Azərbaycan və Özbəkistan arasında investisiya layihələrinin sayının artması bunun göstəricisidir. Ölkə başçısı cənab İlham Əliyevin bu günlərdə Özbəkistana dövlət səfəri zamanı qeyd etdiyi kimi, artıq konkret fəaliyyət planı mövcuddur. Bu fəaliyyət planının üstünlüyü layihələrin konkret məzmun və istiqamətlər üzrə formalaşdırılmasıdır. İnvestisiya əməkdaşlığı enerji, turizm, avtomobil sənayesi, kənd təsərrüfatı və digər sahələri əhatə edir. Belə geniş sahə müxtəlifliyi iqtisadi tərəfdaşlığın risklərini azaltmaq baxımından da əhəmiyyətlidir. Çünki əməkdaşlığın bir neçə sektora yayılması tərəfdaşlığın yalnız bir sahədən asılılığını aradan qaldırır. İnvestisiya fondunun yaradılması bu prosesin institusional əsaslarını daha da möhkəmləndirir. Fondun layihələrlə təmin olunması artıq nəzəri niyyətlərin konkret iqtisadi təşəbbüslərə çevrildiyini göstərir. Azərbaycanın turizm infrastrukturuna investisiyalar əməkdaşlığın xidmət sektorunda da genişləndiyini nümayiş etdirir. Avtomobil sənayesinə yönələn investisiyalar isə sənaye kooperasiyasının inkişafı üçün mühüm perspektivlər açır. Qarşılıqlı investisiyaların mühüm xüsusiyyəti onların hər iki ölkənin iqtisadi potensialını birləşdirməsidir. Özbəkistanın Azərbaycan iqtisadiyyatına yatırdığı investisiyalar xüsusilə Qarabağ layihələri ilə seçilir. Azərbaycan şirkətlərinin Özbəkistan bazarında fəaliyyətinin genişlənməsi isə qarşılıqlı xarakter daşıyan investisiya modelinin formalaşdığını göstərir. Bankçılıq və enerji sahələrindəki layihələr iqtisadi münasibətlərin daha dərin səviyyəyə keçməsinə imkan yaradır. İnvestisiya mühitinin əlverişli olması belə layihələrin davamlılığı üçün əsas şərtlərdən biridir. Bu amil xarici investorların ölkəyə marağının artmasına şərait yaradır. Azərbaycan üçün isə Özbəkistanın böyük bazarı və iqtisadi potensialı yeni imkanlar təqdim edir.

Özbəkistan baxımından Azərbaycanla əməkdaşlıq Cənubi Qafqaz və daha geniş regional iqtisadi məkanla əlaqələrin genişləndirilməsi baxımından əhəmiyyətlidir. Bu qarşılıqlı maraqlar investisiya əməkdaşlığının inkişafı üçün möhkəm iqtisadi baza yaradır. Layihələrin yalnız paytaxtlarla məhdudlaşmaması regional inkişaf baxımından da müsbət nəticələr vəd edir. Regionlararası layihələr yerli iqtisadi potensialın səfərbər edilməsinə imkan verir. Bununla yanaşı, yeni investisiyalar texnologiya və idarəetmə təcrübəsinin mübadiləsinə də şərait yarada bilər. İnvestisiya əməkdaşlığının genişlənməsi ticarət dövriyyəsinin artmasına da əlavə stimul verə bilər. Bir milyard dollarlıq ticarət dövriyyəsi hədəfi bu baxımdan yalnız statistik göstərici deyil, daha geniş iqtisadi inteqrasiyanın göstəricisidir. Gələcəkdə layihələrin uğurla icrası qarşılıqlı etimadı daha da gücləndirə bilər. Bu isə yeni sahələrdə əməkdaşlığın başlanmasına əlverişli şərait yaradacaq. Beləliklə, Azərbaycan–Özbəkistan investisiya tərəfdaşlığı iki ölkənin iqtisadi inkişaf strategiyalarını birləşdirən və regional əməkdaşlığa əlavə dinamizm gətirən əsas istiqamətlərdən biri kimi çıxış edir.

Böyükağa Rəhmanov

Neftçala rayonu