Zəngəzur dəhlizinin açılması artıq yeni geosiyasi reallıqdır və bu marşrut bizim qədər qarşı tərəfin də xeyrinədir.
Bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Türkiyənin "Milliyet" qəzətinə müsahibəsində deyib.
O bildirib ki, sülh müqaviləsinin mətni artıq ilkin olaraq təsdiqlənib:
"ABŞ ilə Ermənistan arasında imzalanan birgə bəyannamədə "Tramp marşrutu" ilə bağlı müvafiq razılaşma mövcuddur. Amerikalıların sözlərinə görə, bu yay hesablama-hazırlıq prosesi yekunlaşacaq, ardınca isə sürətlə tikinti başlayacaq. ABŞ-nin bu məsələdə yer alaraq prosesə zəmanət verməsi çox vacib idi".
H.Hacıyev əlavə edib ki, rəsmi Bakı atdığı qətiyyətli addımlarla Ermənistan rəhbərliyini barışığa məcbur edib:
"Onlar da anladılar ki, sülhdən başqa çıxış yolu qalmayıb. İndi "əsl dövlət" qurmaq niyyətindədirlərsə, qursunlar. Sərhədləri daxilindəki işlərə özləri cavabdehdirlər. Amma yetər ki, torpaqlarımızda gözləri olmasın. Gələcəkdə də belə cəhdlərin təkrarlanmayacağına inanıram".

Hikmət Hacıyev: Zəngəzur dəhlizinin açılması artıq yeni geosiyasi reallıqdır
Aytac Dəniz · Siyasət ·