Google bəzi kompüter və brauzerlərdə axtarış sisteminin əsas səhifəsi üçün yeni interfeysi sınaqdan keçirməyə başlayıb. Yeni dizaynda klassik “Google Search” düyməsi çıxarılıb və onun əvəzinə süni intellekt funksiyalarına keçid verən düymələr yerləşdirilib. Bu barədə Android Authority məlumat yayıb.
Redaksiya istinadla xəbər verir ki, yeni interfeysdə axtarış sətrinin altında “Şəkil yarat”, “Fayllar haqqında soruş” və “Beyin həmləsi” funksiyaları görünür. Axtarış sətrinin daxilində isə istifadəçini Google-un süni intellekt əsaslı axtarış sisteminə aparan “AI Mode” düyməsi yerləşdirilib.
Google Search-un vitse-prezidenti Robbi Stayn X sosial şəbəkəsində bunun həqiqətən də məhdud sayda istifadəçi ilə aparılan sınaq olduğunu təsdiqləyib. Onun sözlərinə görə, düymələrin dəyişdirilməsi ənənəvi axtarış funksiyasını aradan qaldırmır: istifadəçi sorğunu daxil edib Enter düyməsini basdıqda əvvəlki kimi adi Google axtarış nəticələri göstərilir.
Android Authority qeyd edir ki, yeni dizayn Google-un süni intellekt funksiyalarını əsas axtarış təcrübəsinə daha dərindən inteqrasiya etmək istiqamətində növbəti addımıdır. Google son illərdə AI Mode-u genişləndirib, ona fayl yükləmə, multimodal sorğular və digər generativ süni intellekt imkanları əlavə edib.
