FTB OpenAI-ın keçmiş mühəndisini Səudiyyə Ərəbistanına casusluqda şübhəli bilir

FTB OpenAI-ın keçmiş mühəndisini Səudiyyə Ərəbistanına casusluqda şübhəli bilir

Nizami Salmanov · Media ·

ABŞ Federal Təhqiqat Bürosu (FTB) OpenAI şirkətinin keçmiş mühəndisi Əbdürrəhman əl-Fauzanın Səudiyyə Ərəbistanı hökumətinin xeyrinə mümkün casusluq fəaliyyəti ilə bağlı araşdırma aparır. İstintaq 35 yaşlı şəxsin şirkətin məxfi məlumatlarını əldə edərək Ər-Riyada ötürmək niyyətində olub-olmadığını müəyyənləşdirməyə çalışır. Bu barədə “The Wall Street Journal” (WSJ) nəşri məlumat yayıb.

Redaksiya mənbəyə istinadən xəbər verir ki, müstəntiqlər əl-Fauzanın Səudiyyə Ərəbistanı hökumətindən birbaşa göstəriş almadan da OpenAI-a məxsus məlumatları həmin ölkəyə ötürmək məqsədilə əldə etmiş ola biləcəyi versiyasını yoxlayırlar.

“Al Jazeera” telekanalının oktyabrın 14-də yaydığı məlumata görə, ABŞ federal agentləri əl-Fauzanı OpenAI şirkətinin konfrans zalında gizli səs yazan cihaz yerləşdirməkdə ittiham edərək həbs ediblər. Həmin şəxs şirkətdə mühəndis vəzifəsində çalışıb.

Məlumata əsasən, gizli dinləmə cihazı konfrans zalındakı televizorun arxasında aşkar edilib. Bundan sonra şirkət otağa müşahidə kamerası quraşdırıb. Kamera əl-Fauzanın həmin yerə yaxınlaşaraq cihazın yerləşdirildiyi ərazini yoxladığını qeydə alıb.

FTB hadisə ilə əlaqədar kommersiya sirrinin oğurlanması üzrə əlavə ittihamların irəli sürülməsi imkanını da nəzərdən keçirir. Müstəntiqlər şübhəlinin şirkətin məxfi məlumatlarını əldə edib-etmədiyini və onları üçüncü tərəfə ötürmək niyyətinin olub-olmadığını araşdırırlar.

Bununla belə, WSJ-nin mənbəsi istintaqın əlavə ittihamların irəli sürülməsi ilə nəticələnməyə biləcəyini vurğulayıb. Hazırda əl-Fauzanın Səudiyyə Ərəbistanı hökumətinin göstərişi ilə hərəkət etdiyi və ya şirkətin kommersiya sirlərini həmin ölkəyə ötürdüyü sübuta yetirilməyib.

Əl-Fauzanın vəkili ona qarşı irəli sürülən ittihamları rədd edir. Araşdırma davam edir.