ABŞ-da Roma Katolik Kilsəsinin Nyu-York arxiyepiskopluğu cinsi zorakılıqla bağlı məhkəmə iddialarını həll etmək üçün 800 milyon dollardan çox təzminat ödəyəcək. Razılaşma din xadimləri və kilsə rəhbərləri tərəfindən cinsi zorakılığa məruz qaldıqlarını bildirən təxminən 1300 nəfərin iddialarını əhatə edir. Bu barədə “The New York Times” (NYT) qəzeti arxiyepiskopun məktubuna istinadən məlumat yayıb.
Redaksiya mənbəyə istinadən xəbər verir ki, razılaşmaya əsasən, hər bir iddiaçıya ən azı 250 min dollar təzminat ödəniləcək. Ödənişlər kilsə nümayəndələrinin cinsi zorakılığına məruz qaldıqlarını iddia edən şəxslərin məhkəmə tələblərinin həllinə yönəldiləcək.
Saziş həmçinin cinsi zorakılıqda ittiham olunan şəxslərin adlarının Nyu-York arxiyepiskopluğunun rəsmi saytında dərc edilməsini nəzərdə tutur.
İddiaçıların vəkilləri bildiriblər ki, bütün iddiaçılar arxiyepiskopluqla əldə olunan razılaşmanı imzalayıblar. Bununla belə, sazişin tərəflər arasında yekun rəsmiləşdirilməsi üçün noyabr ayında əlavə imzalanma proseduru nəzərdə tutulur.
Nyu-York arxiyepiskopu Ronald Hiks razılaşmanın zərərçəkənlərin yaşadıqları hadisələrin təsirlərini aradan qaldırmağa kömək edəcəyinə ümid etdiyini bildirib.
“Allahın köməyi ilə bütün zərərçəkənlərin müəyyən dərəcədə mənəvi sağalmasına və barışıq əldə etməsinə nail olacağıq”, – deyə arxiyepiskop qeyd edib.
Razılaşma çərçivəsində nəzərdə tutulan təzminatlar və ittiham olunan şəxslərin adlarının açıqlanması kilsə daxilində cinsi zorakılıq iddialarının həlli istiqamətində atılan addımlar sırasındadır.
