ABŞ Prezidenti Donald Trampın Rusiya ilə dizel yanacağının tədarükünə dair razılaşması Ukraynada ciddi narazılıq yaradıb. Vaşinqtonun Moskva ilə iqtisadi əməkdaşlığı genişləndirməsi və Rusiyaya qarşı bəzi sanksiyaları yumşaltması Kiyevin ABŞ-a olan etimadını zəiflədir. Bu barədə “The New York Times” (NYT) nəşri yazır.
Redaksiya mənbəyə istinadən xəbər verir ki, nəşrin qiymətləndirməsinə görə, Tramp administrasiyasının Ukraynada sülhə nail olmaq istiqamətində atdığı addımlar Kiyevin gözləntilərini sarsıdıb. ABŞ-ın Rusiyadan dizel yanacağı alması Moskvanın gəlirlərini artıra biləcəyi halda, Vaşinqtonun Ukraynaya göstərdiyi yardımın həcmi azalır.
NYT yazır ki, Ukraynada bir çox insan ABŞ-ın mövqeyini xəyanət kimi qəbul edir. Buna səbəb Trampın Rusiya-Ukrayna müharibəsinə daha praqmatik yanaşmasıdır. Amerika lideri daha əvvəl Ukraynaya göstərilən genişmiqyaslı yardımın müqabilində ABŞ-ın nə əldə etdiyini sual altına alıb.
Nəşr xatırladır ki, ABŞ-ın keçmiş prezidenti Co Bayden administrasiyası dövründə Ukrayna qlobal azadlıq mübarizəsinin ön cəbhəsi kimi təqdim edilirdi. Tramp administrasiyasının siyasətində isə iqtisadi maraqlar və münaqişənin diplomatik yollarla həlli daha çox ön plana çıxır.
Oktyabrın 9-da Donald Tramp Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığından sonra Rusiyadan dizel yanacağının tədarükünə dair razılaşmanı açıqlayıb. Bundan sonra ABŞ Maliyyə Nazirliyi Rusiya dizeli ilə bağlı müəyyən əməliyyatları 7 aprel 2027-ci ilədək sanksiyalardan müvəqqəti azad edib.
Trampın açıqlamasına əsasən, Rusiya ilkin mərhələdə 300 min tondan çox, noyabrda əlavə 500 min ton, daha sonra isə 1 milyon ton dizel tədarük etməyi planlaşdırır. Bundan əlavə, Rusiya neft emalı zavodlarının imkanlarından asılı olaraq daha 3 milyon ton yanacağın bazara çıxarılması nəzərdə tutulur.
Oktyabrın 21-də Rusiyanın Baş nazirinin müavini Aleksandr Novak bildirib ki, ABŞ-a göndəriləcək ilk tanker 40 min ton dizel yanacağı daşıyacaq. O, ilk göndərişdən sonra əlavə tədarüklərin də həyata keçiriləcəyini açıqlayıb.
Rusiya ilə enerji sahəsində əldə olunan bu razılaşma ABŞ-ın Moskvaya qarşı sanksiya siyasətində mühüm dəyişiklik kimi qiymətləndirilir. Ukrayna tərəfi isə belə addımların Rusiyanın iqtisadi imkanlarını gücləndirə və müharibənin davam etdirilməsi üçün əlavə maliyyə mənbələri yarada biləcəyindən narahatdır.
