ABŞ Konqresinin üzvləri və Ağ Ev rəsmiləri aparıcı süni intellekt (Sİ) şirkətlərinin rəhbərlərinin açıqlamalarından narazıdırlar. Siyasətçilər hesab edirlər ki, texnologiya şirkətlərinin rəhbərləri Sİ-nin üstünlüklərini ictimaiyyətə izah etmək əvəzinə, onun bəşəriyyət üçün yarada biləcəyi təhlükələrdən və qlobal fəlakət ehtimallarından davamlı danışırlar. Bu barədə Axios nəşri məlumat yayıb.
Redaksiya mənbəyə istinadən xəbər verir ki, ABŞ rəsmiləri Sİ şirkətlərinin rəhbərlərinin bu cür açıqlamalarını ciddi siyasi yük hesab edirlər. Xüsusilə OpenAI və Anthropic şirkətlərinin mövqeyi Vaşinqtonda narazılıq doğurur.
Məlumata görə, siyasətçilər texnologiya rəhbərlərinin ritorikasındakı ziddiyyətlərdən şikayətlənirlər. Onlar bir tərəfdən süni intellektin iqtisadi inkişaf və rifah gətirəcəyini vəd edir, digər tərəfdən isə texnologiyanın bəşəriyyət üçün fəlakətli nəticələrə səbəb ola biləcəyi barədə xəbərdarlıq edirlər.
ABŞ rəsmilərinin fikrincə, bu cür ziddiyyətli açıqlamalar cəmiyyətdə narahatlığı artırır və Sİ texnologiyalarının tənzimlənməsi ilə bağlı müzakirələri daha da çətinləşdirir.
“Sİ sahəsinin liderləri diqqəti rəqəmsal şüur və qlobal fəlakət ehtimallarına yönəltməklə onsuz da mürəkkəb olan tənzimləmə müzakirələrini dözülməz mənəvi panikaya çevirirlər”, – deyə Axios yazır.
Qeyd olunur ki, OpenAI şirkətinin baş direktoru Sem Altman sentyabrın 24-nə keçən gecə BMT Təhlükəsizlik Şurasında çıxışı zamanı süni intellektin həddindən artıq sürətli inkişafının təhlükələri barədə xəbərdarlıq edib.
Altman bildirib ki, gələcəkdə bəşəriyyət Sİ üzərində nəzarəti itirə bilər. Onun sözlərinə görə, süni intellekt sistemlərinin hazırlanması prosesinin avtomatlaşdırılması zamanı maksimum ehtiyatlılıq nümayiş etdirilməlidir.
Axios-un məlumatına əsasən, bu cür xəbərdarlıqlar ABŞ administrasiyasında narahatlıq yaradır. Rəsmilər hesab edirlər ki, texnologiya şirkətlərinin rəhbərləri Sİ-nin imkanlarını izah etməklə ictimai etimadı gücləndirmək əvəzinə, onun gələcəyi ilə bağlı qorxuları artırırlar.
