Fransa Britaniyanı Aİ-yə qayıtmağa çağırıb

Fransa Britaniyanı Aİ-yə qayıtmağa çağırıb

Könül Məmmədova · Media ·

Fransanın maliyyə naziri Rolan Leskür Böyük Britaniyanın istədiyi vaxt Avropa İttifaqına qayıda biləcəyini bildirib. O, Londonun blokla münasibətlərini yenidən nəzərdən keçirməsi fonunda Britaniyanı tam üzvlüyə qayıtmağa açıq şəkildə dəvət edib. Bu barədə The Guardian məlumat yayıb.

Redaksiya istinadla xəbər verir ki, Leskür Böyük Britaniyanın Aİ-dən çıxmaq qərarının britaniyalılara məxsus olduğunu vurğulayaraq, geri qayıtmaq qərarının da yalnız onların verə biləcəyi siyasi seçim olduğunu deyib. Fransalı nazir bununla yanaşı, “istənilən vaxt geri qayıdın” mesajını səsləndirib.

Açıqlama Böyük Britaniyanın Baş naziri Endi Börnəmin Brexit-dən sonrakı münasibətlərin yenidən qiymətləndirilməsini təklif etməsindən sonra verilib. Börnəm Aİ ilə daha sıx əlaqələr üçün gömrük ittifaqına, vahid bazara qayıdış və hətta tam üzvlüyün bərpası da daxil olmaqla müxtəlif variantların araşdırılacağını bildirib. Bununla belə, o, yaxın vaxtlarda yeni referendum keçiriləcəyini elan etməyib.

Fransa Prezidenti Emmanuel Makron da sentyabrın 30-da Börnəmin açıqlamasını müsbət qarşılayıb. Makron Böyük Britaniyanın yenidən Aİ-yə üzv olmasının həm Britaniya, həm də Avropa üçün yaxşı xəbər olacağını deyərək “xoş gəlmisiniz” mesajı verib.

Reform UK lideri Naycel Farac isə mümkün üzvlük bərpasını tənqid edir. O bildirir ki, Britaniya ictimaiyyəti Aİ büdcəsinə ödənişlər, sərbəst hərəkət qaydaları, Şengen və avro ilə bağlı şərtlərlə üzləşdikdə dəstəyin azalacağına inanır.

Mövcud qaydalara əsasən, Böyük Britaniyanın Aİ-yə qayıdışı avtomatik olmayacaq. London yenidən rəsmi üzvlük müraciəti etməli və bütün üzv dövlətlərin razılığını almalıdır. Britaniyanın əvvəlki xüsusi güzəştlərinin, o cümlədən avro və Şengenlə bağlı istisnaların avtomatik şəkildə bərpa ediləcəyinə zəmanət yoxdur.