McDonald's müştəriləri haqqında geniş həcmdə məlumat toplayır və onların gələcək davranışlarını proqnozlaşdıran profillər hazırlayır. WIRED jurnalistlərindən biri şirkətdən özü barədə saxlanılan məlumatları tələb etdikdən sonra 515 səhifəlik sənəd əldə edib. Bu barədə WIRED məlumat yayıb.
Redaksiya istinadla xəbər verir ki, sənəddə jurnalistin bütün sifariş tarixçəsi ilə yanaşı, gələcək davranışları ilə bağlı alqoritmik proqnozlar da yer alıb. Sistem onun növbəti altı həftə ərzində McDonald's restoranlarına 2,16 dəfə baş çəkəcəyini, təxminən 29 dollar xərcləyəcəyini və yenidən böyük ölçülü Diet Coke sifariş etmə ehtimalının yüksək olduğunu hesablayıb.
Alqoritm jurnalisti günortadan sonra qəlyanaltı etməyi sevən və tez-tez naharı yolda yeyən müştəri kimi təsnif edib. Sistem həmçinin onun McDonald's restoranlarına getməyi tamamilə dayandırması ehtimalını 0 faiz qiymətləndirib.
Məlumatlar göstərir ki, şirkətin müştəri profilləri yalnız keçmiş alış-veriş tarixçəsi ilə məhdudlaşmır. Toplanan məlumatlardan istifadə etməklə istifadəçinin nə vaxt restorana gedə biləcəyi, nə qədər xərcləyəcəyi və hansı məhsulları seçə biləcəyi barədə ehtimallar da hesablanır.
