Naxçıvanın gələcək inkişafında enerji təminatı da əsas məsələlərdən biri kimi müəyyənləşdirilib

Naxçıvanın gələcək inkişafında enerji təminatı da əsas məsələlərdən biri kimi müəyyənləşdirilib

Aytac Dəniz · Siyasət ·

Naxçıvanın inkişafı son illərdə Azərbaycanın regional siyasətinin mühüm istiqamətlərindən birinə çevrilmişdir. Möhtərəm Prezident cənab İlham Əliyevin 11 avqust 2026-cı ildə Naxçıvana səfəri zamanı verdiyi müsahibə bu prosesin yeni mərhələyə daxil olduğunu göstərən mühüm mesajlarla zəngindir. Dövlət başçısının Naxçıvana sayca 17-ci səfəri regionun ölkənin inkişaf gündəliyində xüsusi yer tutduğunu nümayiş etdirir.

Bu səfər çərçivəsində təqdim olunan layihələr Naxçıvanın yalnız sosial baxımdan deyil, həm də iqtisadi və strateji baxımdan yenilənməsini nəzərdə tutur. Naxçıvan Sənaye Parkının təməlinin qoyulması bu baxımdan xüsusi əhəmiyyət daşıyır. Sənaye parkının yaradılması yeni iş yerlərinin açılması və qeyri-neft sektorunun inkişafı üçün əlavə imkanlar formalaşdıracaq, eyni zamanda, sənaye müəssisələrinin fəaliyyəti yerli iqtisadi fəallığın artmasına şərait yaradacaqdır. Naxçıvanın gələcək inkişafında enerji təminatı da əsas məsələlərdən biri kimi müəyyənləşdirilib. Sənaye Parkının tərkibində 300 meqavat gücündə istilik elektrik stansiyasının inşası regionun enerji imkanlarını əhəmiyyətli dərəcədə artıracaq. Bu stansiyanın həm daxili tələbatın ödənilməsinə, həm də gələcəkdə elektrik enerjisinin ixracına xidmət etməsi nəzərdə tutulur. Bununla yanaşı, Günəş və su elektrik stansiyalarının yaradılması enerji istehsalının şaxələndirilməsinə imkan verəcək. Naxçıvanın Günəş enerjisi baxımından Azərbaycanın ən əlverişli məkanlarından biri kimi qiymətləndirilməsi regionun iqtisadi perspektivlərini daha da genişləndirir. 600 hektardan artıq ərazinin Günəş elektrik stansiyalarının yaradılması üçün müəyyən edilməsi bu istiqamətdə konkret planların mövcudluğunu göstərir. Bərpaolunan enerji layihələrinə özəl sektorun maraq göstərməsi isə investisiya mühitinin formalaşdığını göstərən mühüm amildir. Enerji potensialının artması sənaye və nəqliyyat layihələrinin inkişafına da əlavə stimul verə bilər. Sosial-iqtisadi inkişaf yalnız sənaye və enerji ilə məhdudlaşmır. Kənd təsərrüfatının inkişafı üçün suvarma layihələrinin həyata keçirilməsi regionun iqtisadi strukturunun şaxələndirilməsinə xidmət edəcək.

Yeni artezian quyularının qazılması və müasir suvarma sistemlərinin qurulması kənd təsərrüfatı istehsalının genişləndirilməsi üçün mühüm baza yaradacaq. Nəqliyyat infrastrukturunun yenilənməsi isə iqtisadi fəallığın başqa bir mühüm dayağıdır. 420 kilometr müxtəlif kateqoriyalı yolların tikintisi və əsaslı təmiri nəzərdə tutulması regionun yaşayış məntəqələri arasında əlaqələri gücləndirəcək. Müasir şəhər nəqliyyatının yaradılması da Naxçıvanın sosial həyatına birbaşa təsir göstərən layihələr sırasındadır. Yeni elektrik avtobuslarının istifadəyə verilməsi şəhər nəqliyyatının daha müasir və ekoloji baxımdan səmərəli modelə keçməsinə imkan yaradır. Rayonlararası nəqliyyat üçün 217 müasir avtobusun alınması isə əhalinin gündəlik hərəkət imkanlarını yaxşılaşdıracaq. Bütün bu layihələr Naxçıvanın inkişafının ayrı-ayrı sahələr üzrə deyil, kompleks şəkildə həyata keçirildiyini göstərir. Nəticə etibarilə, Naxçıvan üçün formalaşdırılan yeni inkişaf modeli iqtisadi fəallığı, enerji dayanıqlığını, sosial rifahı və infrastruktur modernləşməsini vahid strategiyada birləşdirir.

Ataş Əsədov
Neftçala rayonu