Dövlət xidmətləri vahid platformada – “mygov” üzərindən təqdim edilməlidir

Dövlət xidmətləri vahid platformada – “mygov” üzərindən təqdim edilməlidir

Sevinc Kərimova · Siyasət ·

“mygov” platformasının vahid ünvan kimi formalaşması gələcəkdə Azərbaycanın rəqəmsal suverenliyinin güclənməsinə, dövlət-vətəndaş münasibətlərinin daha operativ və etibarlı müstəviyə keçməsinə xidmət edəcəkdir.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev “Azərbaycanın yeni rəqəmsal arxitekturası” adlı vahid fəaliyyət planına həsr olunmuş müşavirədəki dövlət xidmətlərinin vahid platforma – “mygov” üzərindən həyata keçirilməsi ilə bağlı səsləndirdiyi fikirlər ölkədə rəqəmsal idarəetmənin yeni mərhələyə qədəm qoyduğunu göstərir. Dövlət başçısının bu yanaşması idarəetmədə pərakəndəliyin aradan qaldırılması, xidmətlərin vahid mərkəzdə cəmlənməsi və vətəndaş məmnunluğunun artırılması məqsədi daşıyır. Son illər müxtəlif nazirliklər və dövlət qurumları tərəfindən ayrı-ayrı elektron platformalar və mobil tətbiqlər yaradılmışdır. Bu təşəbbüslər rəqəmsallaşma prosesinə təkan vermiş, bir çox sahələrdə xidmətlərin elektronlaşdırılmasına imkan yaratmışdır. Lakin paralel şəkildə fəaliyyət göstərən çoxsaylı platformalar həm vətəndaşlar, həm də dövlət qurumları üçün müəyyən çətinliklər formalaşdırmışdır. Müxtəlif sistemlərdə ayrı-ayrı qeydiyyat prosedurları, fərqli interfeyslər və məlumat bazaları vətəndaş üçün əlavə vaxt itkisinə və çaşqınlığa səbəb olur. Cənab Prezidentin vurğuladığı kimi, artıq bu proses koordinasiyalı və mərkəzləşdirilmiş formada aparılmalıdır. Dövlət xidmətləri vahid platformada – “mygov” üzərindən təqdim edilməli, bütün qurumlar bu sistemə inteqrasiya olunmalıdır. Bu, həm idarəetmədə səmərəliliyi artıracaq, həm də dövlət resurslarının daha rasional istifadəsinə şərait yaradacaqdır. Vahid mərkəzdən xidmət göstərilməsi bir neçə mühüm üstünlük yaradır: Vətəndaş üçün rahatlıq və şəffaflıq: Bütün xidmətlər bir ünvan üzərindən əlçatan olur. Vətəndaş hansı quruma müraciət etməli olduğunu axtarmır, sadəcə “mygov” platformasına daxil olaraq lazım olan xidməti seçir. Vaxt və resurs qənaəti: Müxtəlif tətbiqlərə ayrı-ayrılıqda qeydiyyat və identifikasiya zərurəti aradan qalxır. Məlumatların inteqrasiyası: Dövlət qurumları arasında məlumat mübadiləsi sürətlənir, təkrarlanan sənəd tələbləri azalır. Kibertəhlükəsizlik və nəzarət: Mərkəzləşdirilmiş sistem vahid təhlükəsizlik standartlarının tətbiqinə və məlumatların qorunmasına daha effektiv imkan yaradır. Dövlət başçısı nitqində həmçinin qeyd edir ki, indiyədək yaradılmış platformaların təcrübəsi və əldə edilmiş nəticələr dəyərlidir.

Məqsəd bu platformaları sadəcə ləğv etmək deyil, onların ən yaxşı funksiyalarını və texnoloji üstünlüklərini “mygov” sisteminə inteqrasiya etməkdir. Həmin sistemlərin hazırlanmasında iştirak etmiş mütəxəssislər və kadr potensialı da ümumi prosesə cəlb olunmalıdır. Bu yanaşma həm institusional yaddaşın qorunmasına, həm də peşəkar resursların səmərəli istifadəsinə xidmət edir. Beləliklə, dövlət xidmətlərinin vahid mərkəzdə birləşdirilməsi təkcə texniki dəyişiklik deyil, idarəetmə fəlsəfəsinin yenilənməsi deməkdir. Bu, rəqəmsal dövlət modelinə keçidin mühüm mərhələsidir. Məqsəd vətəndaş yönümlü, çevik, şəffaf və müasir idarəetmə sisteminin qurulmasıdır. “mygov” platformasının vahid ünvan kimi formalaşması gələcəkdə Azərbaycanın rəqəmsal suverenliyinin güclənməsinə, dövlət-vətəndaş münasibətlərinin daha operativ və etibarlı müstəviyə keçməsinə xidmət edəcəkdir.

Amid Şahbazov
Neftçala rayonu