ABŞ Hərbi Dəniz Qüvvələri naziri Con Felan Pentaqon tərəfindən “dərhal qüvvəyə minməklə” vəzifəsindən azad edilib. Bu ani qərar ABŞ Müdafiə Nazirliyindəki böyük sarsıntı fonunda baş verib.
Redaksiya mənbəyə istinadən xəbər verir ki, Pentaqonun rəsmi bəyanatında Con Felanın vəzifədən azad edilməsinə dair heç bir dəqiq izahat verilməsə də, daxili məlumatlar bu addımın arxasında bir neçə əsas səbəbin dayandığını göstərir. Bu səbəblərə gəmiqayırma islahatlarında ləng irəliləyiş və Pentaqon rəhbərliyi ilə yaranan toqquşmalar daxildir.
Məlumatlara görə, Felanın Pit Heqset, müavin Stiv Feinberq və Hərbi Dəniz Qüvvələri rəsmisi Hanq Kao ilə münasibətlərində gərginliklər yaranmışdı. Hazırda Hanq Kao ABŞ Hərbi Dəniz Qüvvələri naziri səlahiyyətlərini icra edir.
Bu hadisələr ABŞ-ın "Qızıl Donanma"nın genişləndirilməsi təşəbbüsü ilə üst-üstə düşür. Ölkə 18 döyüş gəmisi və 16 yardımçı gəminin alınması üçün 65 milyard dollarlıq bir plan həyata keçirməyi nəzərdə tutur. Çinin böyük gəmiqayırma potensialının yaratdığı artan təzyiq də ABŞ Hərbi Dəniz Qüvvələrinin rəhbərliyindəki bu dəyişikliklərin ümumi mənzərəsini tamamlayır.
