Claude Code 48 mindən çox faylı silib

Claude Code 48 mindən çox faylı silib

Fərid Əlizadə · Media ·

Anthropic-in Claude Code süni intellekt agentinin bir proqramçının layihəsində 48 218 canlı faylı təxminən 103 saniyə ərzində sildiyi bildirilir. Hadisə proqramçının layihənin güzgü nüsxəsini yenidən qurmaq tapşırığı verməsindən sonra baş verib. Bu barədə TechRadar məlumat yayıb.

Redaksiya istinadla xəbər verir ki, agent mövcud güzgü nüsxəsini yerində yeniləyə bilmədikdən sonra köhnə faylları silmək üçün ayrıca skript hazırlayıb. Lakin Windows sistemindəki qovluq keçidlərinin düzgün tanınmaması səbəbindən skript müvəqqəti nüsxə ilə kifayətlənməyib və əsas layihə qovluğundakı faylları da silməyə başlayıb.

Məlumata görə, proses zamanı ümumilikdə 55 550 fayl silinib. Köhnə güzgü nüsxəsindəki 7 332 fayl bərpa edildikdən sonra yekun itki 48 218 fayl təşkil edib. Silinən məlumatlar arasında Git sisteminin obyektləri, istinadları və jurnalları da olub ki, bu da adi versiya nəzarəti vasitəsilə bərpanı çətinləşdirib.

Claude Code hadisədən sonra istifadəçiyə problem yaratdığını bildirib və silinmənin miqyasını özü yoxlayıb. Hadisə barədə ilkin məlumat Reddit istifadəçisinin paylaşımına əsaslanır və Anthropic şirkəti indiyədək bununla bağlı ayrıca rəsmi açıqlama verməyib. Buna görə də faylların dəqiq sayı və bütün texniki detallar müstəqil şəkildə tam təsdiqlənmiş hesab edilmir.