Çin ordusunda nüvə sızıntısı qalmaqalı

Çin ordusunda nüvə sızıntısı qalmaqalı

Sona Osmanova · Hərbi ·

Çin Xalq Azadlıq Ordusunun ən yüksək rütbəli generallarından biri, Mərkəzi Hərbi Komissiyanın sədr müavini və general Zhang Youxia ətrafında ciddi qalmaqal yaranıb. Çin Müdafiə Nazirliyi bir gün əvvəl onun “intizam və qanunların ciddi şəkildə pozulması” ittihamı ilə istintaqa cəlb edildiyini açıqlayıb.

Redaksiya The Wall Street Journal-a istinadla xəbər verir ki, yüksək səviyyəli brifinqdə iştirak edən və məsələ ilə tanış olan mənbələrin məlumatına görə, Zhang Youxia Çinin nüvə silahlarına dair əsas texniki məlumatları ABŞ-yə ötürməkdə ittiham olunur. Bildirilir ki, söhbət ölkənin nüvə arsenalına aid ən məxfi məlumatlardan gedir.

Mənbələrin sözlərinə görə, ittihamlar yalnız intizam pozuntuları ilə məhdudlaşmır və milli təhlükəsizliyə birbaşa təhdid yaradan məlumat sızmasını əhatə edir. Bu səbəbdən istintaqın miqyası və mümkün nəticələri Çin siyasi və hərbi dairələrində xüsusi narahatlıq doğurub.

Qeyd olunur ki, Zhang Youxia Çin Xalq Azadlıq Ordusunda uzun illər yüksək vəzifələrdə çalışıb və hazırda Mərkəzi Hərbi Komissiyanın sədr müavini kimi ölkənin hərbi qərarlarının qəbulunda əsas fiqurlardan biri sayılır. İttihamların təsdiqlənəcəyi təqdirdə, bu hadisə Çin hərbi tarixində ən böyük təhlükəsizlik qalmaqallarından biri kimi qiymətləndirilə bilər.