Çin Xalq Respublikasının silahlı qüvvələri Meksika körfəzi və Karib dənizi hövzəsində müasir müharibə ssenarilərini əhatə edən yüksək texnologiyalı hərbi təlimlər keçirib. Təlimlərin əsas məqsədi real döyüşə girmədən komandirlərin müharibə şəraitində qərarvermə bacarıqlarını inkişaf etdirmək olub.
Redaksiya mənbəyə istinadən xəbər verir ki, Çin dövlət televiziyası CCTV-nin məlumatına görə, bu təlimlər aşağı xərcli, immersiv və təkrarlana bilən mühit yaradaraq hərbi rəhbərliyin döyüş hazırlığını artırmağa yönəlib. Bildirilib ki, manevrlər çərçivəsində müxtəlif taktiki ssenarilər tətbiq edilib.
Təlimlər zamanı Çin istehsalı olan J-16 qırıcıları ilə Fransa istehsalı Rafale döyüş təyyarələri arasında simulyasiya edilmiş hava döyüşü də keçirilib. Bu ssenari vasitəsilə pilotsuz və pilotlu hava əməliyyatlarının effektivliyi sınaqdan çıxarılıb.
Qeyd olunur ki, sözügedən hərbi fəaliyyət ABŞ-ın Karib hövzəsində “Cənub Nizə” əməliyyatı çərçivəsində hərbi mövcudluğunu artırdığı bir vaxta təsadüf edir. ABŞ tərəfi bu əməliyyatın narkotik qaçaqmalçılığı şəbəkələrinə qarşı yönəldiyini bildirsə də, bölgədə strateji gərginliyin artdığı vurğulanır.
