Cənubi Koreya Ukraynadan iki Şimali Koreya hərbçisinin Seula təhvil verilməsinin ictimaiyyətə açıqlanmasına görə rəsmi izahat və üzr tələb edib. Seul Ukrayna tərəfini əvvəlcədən razılaşdırılmış məxfilik prinsipini pozmaqda ittiham edib. Bu barədə Reuters agentliyi məlumat yayıb.
Redaksiya istinadla xəbər verir ki, Cənubi Koreya Prezident Administrasiyası Ukraynanın məlumatı birtərəfli şəkildə açıqlamasından və daha sonra belə bir məxfilik razılaşmasının mövcud olmadığını bildirməsindən ciddi narazılığını ifadə edib.
Seulun açıqlamasına görə, iki Şimali Koreya hərbçisinin Ukraynadan Cənubi Koreyaya təhvil verilməsi diplomatik və milli təhlükəsizlik baxımından həssas məsələ olub. Cənubi Koreya tərəfi prosesin gizli saxlanması barədə razılaşmanın məhz Ukraynanın təşəbbüsü ilə əldə edildiyini bildirib.
Mübahisə Ukrayna Prezidenti Volodimir Zelenskinin BMT Baş Assambleyasındakı çıxışında Rusiyanın Kursk vilayətində əsir götürülmüş iki Şimali Koreya hərbçisinin Cənubi Koreyaya göndərildiyini açıqlamasından sonra yaranıb. Seul bildirib ki, hadisə iki ölkə arasında etimada zərər vurub və əlavə diplomatik addımların atılması nəzərdən keçirilir.
