Ağ Ev dairələrində Ukraynanın hərbi kəşfiyyat rəhbəri Kirill Budanovun danışıqlar prosesində daha realist və təmkinli fiqur kimi qəbul edildiyi bildirilir. Bu yanaşmanın onun sərt imicinə baxmayaraq, praktiki məsələlərdə daha rasional mövqe tutması ilə əlaqəli olduğu vurğulanır.
Redaksiya xəbər verir ki, The Washington Post nəşrinə danışan Tramp administrasiyasında Rusiya və Ukrayna məsələləri üzrə çalışmış keçmiş rəsmi şəxs Budanovun 2025-ci ilin əvvəlində aparılan sülh danışıqlarında səssiz, lakin mühüm rol oynadığını qeyd edib. Müsahibənin sözlərinə görə, müharibənin necə başa çatacağı real müzakirə mövzusu olduqda, Budanov ən ayıq və rasional fiqurlardan biri kimi dəyərləndirilib.
O bildirib ki, bu yanaşma Prezident Ofisinin rəhbəri Andriy Yermakın mövqeyi ilə kəskin ziddiyyət təşkil edib. Onun sözlərinə əsasən, Yermak amerikalı tərəfdaşlarını tez-tez tənqid edib və konstruktiv dialoqdan uzaq davranıb.
Mənbənin iddiasına görə, Budanov Tramp administrasiyasının müxtəlif qanadlarında hörmət edilən şəxslərdən biri hesab olunur. Eyni zamanda, Yermakın əsas prioritetinin Ukraynanın maraqlarından çox, şəxsi mövqeyi və Prezident Volodimir Zelenski ilə əlaqələri olduğu fikri də səsləndirilib.
