Bu gün Azərbaycan regional əməkdaşlığa açıq, sabitlik və inkişaf yönümlü siyasət həyata keçirir

Bu gün Azərbaycan regional əməkdaşlığa açıq, sabitlik və inkişaf yönümlü siyasət həyata keçirir

Sevinc Kərimova · Siyasət ·

İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkianın bu günlərdə Azərbaycana etdiyi rəsmi səfər iki ölkə arasında münasibətlərin gələcəyi baxımından mühüm dönüş nöqtəsi oldu.

Səfər çərçivəsində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və ali qonağın birgə mətbuata verdikləri bəyanat, yalnız iki dövlət arasındakı ikitərəfli əlaqələrin deyil, bütövlükdə regionun geosiyasi mənzərəsinin dəyişməkdə olduğunu nümayiş etdirdi. Ölkə başçımız bəyanatında İranla münasibətlərin tarixi köklərə söykəndiyini və qarşılıqlı hörmət, bərabərlik, suverenlik prinsiplərinə əsaslandığını vurğuladı. Dövlət başçısının sözlərinə görə, bu səfər iki ölkə arasında bir müddət mövcud olan anlaşılmazlıqların aradan qaldırılması və qarşılıqlı etimadın bərpası baxımından mühüm addımdır. Hər kəsə məlumdur ki, Azərbaycan regionda sabitlik və sülhün möhkəmlənməsində maraqlıdır.

Azərbaycanın hər zaman mehriban qonşuluq siyasətinə sadiq olduğunu xatırladan cənab İlham Əliyev nitqində: "Bizim siyasətimiz sülhə, əməkdaşlığa və qarşılıqlı faydaya əsaslanır. İran ilə olan münasibətlərimizin dərinləşməsi regional sabitlik və tərəqqi üçün əsas amillərdən biridir."

Qeyd etdi. Bu baxımdan İranla münasibətlərin gücləndirilməsi, təkcə iki ölkənin deyil, həm də regionun təhlükəsizliyinə müsbət təsir göstərir. Səfər zamanı Zəngəzur dəhlizinin perspektivləri və Şimal-Cənub nəqliyyat dəhlizinin genişləndirilməsi məsələsi xüsusi diqqətdə saxlanıldı. Şübhə yoxdur ki, bu layihələrin reallaşması Azərbaycan və İran arasında yük və sərnişin daşımalarının sürətlənməsinə, eləcə də Cənubi Qafqaz regionunun qlobal ticarət yollarına inteqrasiyasına imkan yaradacaqdır.

Hazırkı dövrdə Azərbaycanın tranzit ölkə kimi rolunun gücləndiyini nəzərə alaraq, bu vəziyyətin uzun illər blokada vəziyyətində saxlanılmış İranın maraqlarına daha çox uyğun olduğunu deyə bilərik. Səfər zamanı ali qonağın İran tərəfinin də bu təşəbbüslərə dəstək verdiyini bəyan etməsi, birgə investisiya və infrastruktur layihələrinin gerçəkləşdirilməsində maraqlı olduğunu ifadə etməsi bir müddətdir mövcud olan fikir ayrılığının aradan qalxacağına ümid yaradır. Səfər zamanı iki ölkə arasında mədəniyyət, təhsil və turizm sahələrində də əlaqələrin genişləndirilməsinin zəruriliyi vurğulandı. Bu çərçivədə qarşılıqlı mədəni tədbirlərin keçirilməsi, universitetlər arasında əməkdaşlıq və tələbə mübadiləsi proqramlarının təşkili nəzərdə tutulur.

Ən mühüm məqalardan biri də Müzəffər Prezidentimiz cənab İlham Əliyevin İran ərazisində yaşayan azərbaycanlıların mədəni və dil hüquqlarının qorunmasının vacibliyini diqqətə çatdırması, bu məsələnin humanitar sahədə qarşılıqlı anlaşmanın təməlini təşkil etdiyini qeyd etməsi oldu. Ümumiyyətlə cənab Prezident İlham Əliyevin bəyanatı göstərdi ki, Azərbaycan regional əməkdaşlığa açıq, sabitlik və inkişaf yönümlü siyasət həyata keçirir. Fikirlərimi ümumiləşdirərək deyə bilərəm ki, İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkianın ölkəmizə rəsmi səfəri, iki ölkə arasında münasibətlərin yeni mərhələyə qədəm qoyduğunun, siyasi dialoqun canlandığının və konkret əməkdaşlıq layihələrinin gündəmə gəldiyinin göstəricisidir.

Əliheydər Qarayev;
Neftçala rayonu