Böyük Britaniyanın Radio Caroline radiostansiyasında texniki işlər zamanı kral III Çarlzın ölümü barədə əvvəlcədən hazırlanmış nekroloq mesajı səhvən efirə verilib. Ardınca ölkənin dövlət himni səsləndirilib, rəqəmsal yayımda isə təxminən 16 dəqiqə sükut yaranıb. Bu barədə BBC məlumat yayıb.
Redaksiya istinadla xəbər verir ki, hadisə əməkdaşlardan birinin maraq məqsədilə əvvəlcədən yazılmış ölüm elanını işə salmasından sonra baş verib. O, baş verənləri anlayandan sonra panikaya düşərək radiostansiyanı tərk edib.
Səhv təxminən yarım saat sonra aradan qaldırılıb və efirdə dinləyicilərdən üzr istənilib. Britaniyanın media tənzimləyicisi Ofcom hadisəni çox ciddi qeyri-dəqiqlik kimi qiymətləndirib və Radio Caroline-in yayım qaydalarını pozduğunu müəyyən edib.
Hadisədən sonra əməkdaşa töhmət verilib. Bundan əlavə, oxşar vəziyyətin təkrarlanmaması üçün studiyadakı kompüterdən əvvəlcədən hazırlanmış nekroloq yazıları silinib.
