Britaniya Baş naziri çıxışında süni intellektdən istifadə edib

Britaniya Baş naziri çıxışında süni intellektdən istifadə edib

Könül Məmmədova · Media ·

Böyük Britaniyanın Baş naziri Endi Börnhemin Uelsdə etdiyi çıxışın hazırlanmasında süni intellektdən istifadə olunduğu iddia edilib. Məsələ müxalifətin sərt reaksiyasına səbəb olub. Bu barədə “Mail on Sunday” nəşri məlumat yayıb.

Redaksiya mənbəyə istinadən xəbər verir ki, Börnhemin Uels Leyboristlər Partiyasının konfransında yaşayış xərcləri ilə bağlı çıxışının hazırlanması zamanı ChatGPT süni intellekt sistemindən yararlanıldığı bildirilir. İddiaya əsasən, Baş nazirin müşavirlərindən biri qatarda səfər edərkən süni intellektdən çıxış mətnini daha emosional formada hazırlamağı istəyib.

Məlumata görə, saat 17:03-də hərəkət edən qatarda olan sərnişinlərdən biri müşavirin ChatGPT ilə işlədiyini görüb. Süni intellekt Britaniyanın sənaye keçmişindən bəhs edən hissədə şaxtaçıların üzləşdiyi təhlükələr, onların evə qayıtmasını gözləyən ailələr və çətin dövrlərdə bir-birinə dəstək göstərən icmalar haqqında ifadələr təklif edib.

Börnhemin Uelsin Llandudno şəhərində etdiyi çıxışda da həmin tövsiyələrə bənzər fikirlər səsləndirilib. Baş nazir Marqaret Tetçer dövrünün sənaye siyasətini tənqid edərək mədənlərin, fabriklərin və polad istehsalı müəssisələrinin bağlanmasının yerli icmalara təsirindən danışıb.

Hadisəyə Böyük Britaniyanın müxalif Reform UK partiyasının nümayəndəsi Li Anderson reaksiya verib. O, hökumətin yaşayış xərcləri ilə mübarizə siyasətini tənqid edərək Börnhemi “Süni intellekt Endi” adlandırıb.

Britaniya Baş nazirinin ofisi isə iddialara cavab olaraq Börnhemin çıxışlarının böyük hissəsini şəxsən yazdığını bildirib. Rəsmi açıqlamada Uelsdə səsləndirilən nitqin də bu qaydada hazırlandığı vurğulanıb.