BRICS liderləri Zirvəsinin yekununda qəbul olunan ortaq bəyanatda İsrailin Qəzza zolağı və işğal altındakı bütün Fələstin torpaqlarından tamamilə çəkilməsi və Qəzzada qeyd-şərtsiz atəşkəsin təmin olunmasının vacibliyi vurğulanıb.
Redaksiya xəbər verir ki, paralel olaraq ABŞ prezidenti Donald Trampın Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Vitkoff da mövcud şəraitin atəşkəs üçün əlverişli olduğunu bildirib: “Ümid edirəm ki, İsrail Qəzzadaki müharibəni bitirəcək. Atəşkəsin əldə olunması üçün uyğun zəmin mövcuddur. Bundan əlavə, İranın nüvə proqramının dayandırılacağı bir razılaşma əldə etmək də mümkündür”, — deyə Vitkoff qeyd edib.
Eyni zamanda, Avropa İttifaqının rəsmi dairələri İsrailin Qəzza zolağındakı hərbi əməliyyatları səbəbindən yaxın günlərdə İsrailə qarşı yeni sanksiyalar tətbiq ediləcəyini açıqlayıb. Bu barədə “Euractiv” nəşri məlumat yayıb.
Beynəlxalq müşahidəçilər hesab edir ki, Qəzza və bütövlükdə Yaxın Şərqdə vəziyyətin yumşalması üçün ciddi diplomatik proses başlayır, lakin real nəticələrin əldə olunması üçün tərəflər arasında etimad və konkret addımlar tələb olunur.
Sevinc Kərimova
