Musiqi dünyasının tanınmış siması, 2014-cü ildə paytaxt Bakıda konsert səfərinə gələn Maykl Bolton, uzun müddətdir davam edən mübarizəsindən sonra ilk dəfə olaraq səhhəti ilə bağlı açıqlama verib. Məşhur müğənni, 2023-cü ilin dekabr ayında qlioblastoma diaqnozu qoyulduqdan sonra həyatda qalmaq uğrunda necə mübarizə apardığını bölüşüb.
Redaksiya məlumat verir ki, Boltonun sözlərinə görə, bu xəstəliklə mübarizə aparmaq onu heç vaxt düşünməyəcəyi qədər resurslarından və iradəsindən istifadə etməyə məcbur edib. Müğənni, 2023-cü ilin sonunda beyin şişi aşkarladıqdan sonra əməliyyat olunub və 2024-cü ilin yanvar ayında infeksiyaya görə ikinci əməliyyat keçirib. Bolton, oktyabr ayında radiasiya və kimyaterapiya müalicəsini başa çatdırdığını və hər iki aydan bir MRT müayinəsindən keçdiyini təsdiqləyib. Aprel ayında keçirilən son müayinənin nəticələri təmiz olsa da, qlioblastomanın təkrarlanması ehtimalı yüksəkdir.
Bolton, müalicələrin onun qısa müddətli yaddaşına, nitqinə və hərəkətliliyinə təsir etdiyini də bildirib. O, ailəsinin dəstəyi ilə Konnektikut ştatının Vestport şəhərindəki evində sağalır. Müğənni, bu çətin dövrdə ailəsinin, xüsusilə də qızları və nəvələrinin dəstəyinin ona güclü təsir etdiyini vurğulayıb. Bolton, həmçinin gündəlik meditasiya etdiyini, qolf oynadığını, şəxsi məşqçi ilə çalışdığını, vokal dərsləri aldığını və onlayn rejimdə vokal terapiyası ilə məşğul olduğunu qeyd edib.
Müğənni, xəstəliklə mübarizə apararkən "ölüm reallığı" ilə üzləşdiyini də bildirib. O, həyatını daha mənalı yaşamaq istədiyini və hələ də görüləsi çox işin olduğunu vurğulayıb. Bolton, pərəstişkarlarını heç vaxt məyus etmək və ya konsertləri təxirə salmaq istəmədiyini də əlavə edib. Hazırda onun veb saytında yaxın gələcək üçün planlaşdırılan konsertləri yoxdur.
Sevinc Kərimova
