Spotify sentyabrın ortalarından etibarən süni intellekt tərəfindən yaradılmış ifaçı profillərinə xüsusi "AI Persona" nişanı əlavə edəcək. Bu profillər platformanın alqoritmik və redaksiya tövsiyələrindən çıxarılacaq. Bu barədə Spotify məlumat yayıb.
Redaksiya istinadla xəbər verir ki, yeni nişan ifaçı profilində, axtarış nəticələrində və pleylistlərdə mahnıların yanında görünəcək. Məqsəd istifadəçilərin real insan ifaçıları ilə tam və ya əsasən Sİ tərəfindən yaradılmış virtual personajları asanlıqla fərqləndirə bilməsidir.
Spotify Sİ profillərinin müəyyənləşdirilməsi üçün özünü bəyan etmə mexanizmi ilə yanaşı, daxili yoxlama və avtomatlaşdırılmış aşkarlama vasitələrindən də istifadə edəcək. Zəruri hallarda profillər insan moderatorlar tərəfindən də qiymətləndiriləcək.
Yeni siyasət bütün Sİ ilə hazırlanmış musiqinin platformadan silinməsi demək deyil. Məhdudiyyət əsasən real insanı təmsil etməyən "AI Persona" profillərinin Spotify tərəfindən avtomatik şəkildə istifadəçilərə tövsiyə edilməsinə şamil olunacaq.
Spotify bildirir ki, dəyişikliklərin əsas məqsədi platformada şəffaflığı artırmaq və dinləyicilərə qarşısındakı ifaçının real şəxs, yoxsa süni intellekt tərəfindən yaradılmış personaj olduğunu daha aydın göstərməkdir.
