Bir türk Berlində liderlik edir

Bir türk Berlində liderlik edir

Könül Məmmədova · Media ·

Almaniyanın Berlin əyalətində keçirilən parlament seçkiləri üzrə ilk proqnozlar açıqlanıb. İlkin nəticələrə görə, türk əsilli Elif Eralpın əsas namizəd olduğu Sol Partiya 24,5 faiz səslə birinci yerdə qərarlaşıb. Bu barədə Almaniya mediası məlumat yayıb.

Redaksiya istinadla xəbər verir ki, Sol Partiya seçkidə rəqiblərini qabaqlayaraq Berlin Nümayəndələr Palatasında ən güclü siyasi qüvvə olmağa yaxınlaşıb. İlkin proqnozlarda Xristian Demokrat İttifaqı təxminən 20 faizlə ikinci yerdə göstərilir.

Seçki kampaniyasında mənzil çatışmazlığı, yüksək kirayə qiymətləri və yaşayış xərcləri əsas mövzular sırasında olub. Sol Partiya xüsusilə kirayə bazarına daha sərt nəzarət və sosial mənzil siyasətinin genişləndirilməsi ilə çıxış edib.

İlkin göstəricilər yekun rəsmi nəticə hesab edilmir və səslərin sayılması davam etdikcə faizlər dəyişə bilər. Berlin seçki orqanlarının yekun nəticələri daha sonra açıqlaması gözlənilir.