Bakı Fond Birjası istiqraz bazarında yeni funksionallıq işə salacaq

Bakı Fond Birjası istiqraz bazarında yeni funksionallıq işə salacaq

Aytac Dəniz · İqtisadiyyat ·

“Bakı Fond Birjası” QSC (BFB) istiqrazların ikinci bazarında əməliyyatların avtomatlaşdırılması və yeni funksionallığın işə salınması istiqamətində intensiv işlər həyata keçirir.

Bunu BFB İdarə Heyətinin sədri Ruslan Xəlilov “Ziraat Bank Azərbaycan” ASC-nin istiqrazlarının Bakı Fond Birjasında ticarətə buraxılmasına həsr olunmuş “Açılış Zəngi” tədbirində deyib.

Onun sözlərinə görə, yeni sistemin bu ilin sonunadək tam istifadəyə verilməsi nəzərdə tutulur.

“Yeni funksionallıq fərdi və institusional investorlara öz brokerləri vasitəsilə Bakı Fond Birjasında ikinci bazar ticarət əməliyyatlarını birbaşa və avtomatlaşdırılmış qaydada aparmaq imkanı yaradacaq. Hesab edirəm ki, bu yenilik istiqraz bazarının, xüsusən də korporativ istiqrazlar və onlar üzrə repo bazarının canlanmasına böyük təkan verəcək”, – deyə Ruslan Xəlilov bildirib.

BFB sədri qeyd edib ki, “Ziraat Bank Azərbaycan”ın emissiyası yeni funksionallığın istifadəyə verilməsi ərəfəsinə təsadüf edir.

“Ümid edirəm ki, bu imkanlardan ən çox faydalanan məhz sizin qiymətli kağızlarınız olacaq”, – deyə o əlavə edib.

Ruslan Xəlilov, həmçinin istiqrazların emissiyasına görə “PAŞA Kapital” şirkətinə və bankın komandasına təşəkkürünü bildirib.

“Bir daha hər birinizi təbrik edir, uğurlar arzulayıram”, – deyə BFB sədri qeyd edib.

Trend