Azərbaycanlılar niyə banka pul qoymur? - AÇIQLAMA

Azərbaycanlılar niyə banka pul qoymur? - AÇIQLAMA

Aytac Dəniz · İqtisadiyyat ·

Azərbaycan Mərkəzi Bankının son statistikası ölkədə bank sektoruna etimadın artdığını göstərir. Son bir ildə müddətli bank əmanəti olan şəxslərin sayı 31 faiz artsa da, Azərbaycanda bank depozitlərinin əhali arasında yayılma səviyyəsi hələ də aşağı olaraq qalır.

Mərkəzi Bankın məlumatına görə, hazırda ölkədə müddətli bank əmanəti olan 220 609 unikal əmanətçi var. Bu göstərici əvvəlki illərlə müqayisədə əhəmiyyətli artım demək olsa da, ümumi əhali fonunda mənzərə fərqlidir.

Hər 100 nəfərdən cəmi ikisinin müddətli əmanəti var.

Azərbaycanın əhalisi təxminən 10,2 milyon nəfər təşkil edir. Bu göstərici əsasında hesablandıqda, müddətli bank əmanəti olan şəxslər ümumi əhalinin cəmi 2,17 faizini təşkil edir.

Yetkin əhali (18 yaşdan yuxarı təxminən 7,5 milyon nəfər) nəzərə alındıqda isə bu göstərici 2,9 faizə yüksəlir. Başqa sözlə, ölkədə hər 100 yetkin vətəndaşdan yalnız üç nəfərin bankda müddətli əmanəti mövcuddur.

Bu rəqəm inkişaf etmiş ölkələrlə müqayisədə kifayət qədər aşağı hesab olunur.

Statistikaya əsasən, bir əmanətçiyə düşən orta müddətli depozit məbləği 51 425 manatdır. Son bir ildə maraqlı tendensiya müşahidə olunur. Orta əmanət məbləği 55 942 manatdan 51 425 manata düşdüyü halda, əmanətçilərin sayı 31 faiz artıb.

Bu dəyişiklik onu göstərir ki, bank sisteminə artıq daha kiçik məbləğlə qənaət edən vətəndaşlar da daxil olmağa başlayır və depozit bazası tədricən genişlənir.

İnkişaf etmiş ölkələrlə fərq böyükdür

İnkişaf etmiş iqtisadiyyatlarda bank əmanətləri əhalinin maliyyə davranışının ayrılmaz hissəsidir.
Avropa İttifaqı ölkələri, ABŞ, Yaponiya və Cənubi Koreyada yetkin əhalinin 70–90 faizdən çoxunun banklarda əmanət və ya qənaət hesabı mövcuddur.

Azərbaycanda göstərici niyə aşağıdır?

Mövzuyla bağlı Bizim.Media-ya danışan Azərbaycan Qiymətləndiricilər Cəmiyyətin sədri Vüqar Oruc deyib ki,AMB idarə heyətinin sədri Taleh Kazımovun son açıqlamasında qeyd olunur ki, banklara etimad artıb:

“Nəticədə depozitlərin həcmi son 1 ildə 31 faiz artıb. Ümumi əmanətçilərinsə sayı isə 220 min nəfəri keçib. Bu da o deməkdir ki, manat etimad qazanır. Bu isə növbəti devalvasiya ehtimalı uzun müddətə ertələmiş olur.

Bununla belə vətəndaşlarımızın müəyyən qismi 10 il əvvəl baş verən devalvasiyadan və son illərdə 10-dan artıq bankın başlanmasından sonra banklara münasibətdə tərəddüd edirlər.Vətəndaşların banka əmanət qoymaqda həvəsli olmamasının başqa bir səbəbi daşınmaz əmlakın daha cəlbedici investisiya sahəsi olmasıdır.

Nəzərə alaq ki, banklar vətəndaşa depozit üçün il ərzində 10-11 faiz divident verirsə, daşınmaz əmlakda vətəndaş il ərzində 4-5 faiz gəlir əldə edir.

Eyni zamanda daşınmaz əmlak il ərzində 10-15 faiz bəzəmsə daha çox əlavə dəyər qazanır. Nəticədə vətəndaş daşınmaz əmlakdan daha çox faydalanır, həm də devalvasiya, infilyasiya və digər risqlərdən özünü sığortalayır.

Bütün bu faktorlar vətəndaşı daşınmaz əmlaka investisiya etməyə həvəsləndirir. Həmçinin banka əmanət yerləşdirmək həvəsi zəifləyir. Bax, hər yüz adamdan cəmi üçünün əmanətçi olması da dediyimiz amillərlə bağlıdır”.