Azərbaycanda ilk ödənişli yol olan Bakı-Quba-Rusiya sərhədi avtomobil yolunda bəzi problemlər sürücüləri təngə gətirib.
Bu barədə Oxu.Az-a yoldan istifadə edən sürücülər müraciət ediblər. Müraciətdə bildirilir ki, yeni inşa olunaraq istifadəyə verilən avtomobil yolunda işıqlandırma sistemi lazımi səviyyədə deyil. Bildirilir ki, yolda gecə saatlarında avtomobil idarə etmək təhlükəlidir: "Yolun istifadəyə verilməsindən kifayət qədər vaxt keçsə də, yolun işıqlandırma sistemi yoxdur. Bu da axşam saatlarında sürücülər üçün kifayət qədər təhlükə yaradır. Yolda işıq dirəkləri yoxdur".
Sürücülər yoldakı daha bir problemdən bəhs ediblər. Bildiriblər ki, adıçəkilən magistralda ödəniş çeklərində yanlışlığa yol verilib: "Yola bir tərəfdən daxil olanda ödədiyimiz pula görə qəbz təqdim olunur və qəbzdə yola nəzarət edən qurumun Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi olduğu göstərilir. Bu da ödənişin həmin qurumun balansına köçürülməsini təsdiqləyir. Amma həmin yola digər tərəfdən daxil olarkən ödədiyimiz pula görə bizə təqdim edilən qəbzdə bu qurumun adı qeyd olunmayıb. Bizə təqdim edilən çekdə yalnız "Ofis" sözü yazılıb. Bu prosesdə isə ödənilən pulun hansı hesaba köçürüldüyü məlum deyil. Bizim ödədiyimiz pullar hara gedir, bilinmir".
Məsələ ilə bağlı Oxu.Az-a açıqlama verən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli bildirib ki, prosesdə qanunsuzluq yoxdur: "Bildiririk ki, ödənişli avtomobil yollarında ödəniş zamanı təqdim olunan çeklər bankın ödəniş sistemi vasitəsilə formalaşdırılır və bu proses Agentlik tərəfindən idarə edilmir. Bununla belə, çeklərdə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin adının qeyd olunması ilə bağlı müvafiq banka tövsiyə verilə bilər.
Yolun işıqlandırılmasına gəldikdə, layihəyə və qüvvədə olan normativ tələblərə uyğun olaraq, yolboyu işıqlandırılması zəruri hesab edilən bütün ərazilərdə müvafiq sistemlər quraşdırılıb. Bütün yolun fasiləsiz işıqlandırılması normativ baxımdan tələb olunmadığından, digər hissələrdə nəqliyyat vasitələrinin gecə saatlarında təhlükəsiz və rahat hərəkətinin təmin edilməsi məqsədilə işıqqaytarıcı xüsusiyyətə malik yol nişanlarından, nişanlanma xətlərindən və digər texniki yol elementlərindən istifadə olunub.
Bundan əlavə hərəkət təhlükəsizliyinin artırılması məqsədilə yol boyu təhlükəsizlik çəpərləri quraşdırılıb. Görülən bütün işlər layihə sənədlərinə, qüvvədə olan tikinti norma və qaydalarına, eləcə də yol hərəkəti təhlükəsizliyi tələblərinə uyğun şəkildə həyata keçirilib".

Azərbaycanın ilk ödənişli yolunda sürücüləri təngə gətirən problemlər - RƏSMİ AÇIQLAMA
Aytac Dəniz · İqtisadiyyat ·