“Mənim 01251000204009 nömrəli bəyannaməm üzrə 2025-ci ildə baş vermiş hadisəyə 2026-cı ildə qəbul olunmuş qanun dəyişikliyi tətbiq edilir. Qanunun bu şəkildə geriyə tətbiq olunmasının məqsədi nədir?”
Bu sözləri Musavat.com-a “LİON CENTRE” MMC-nin rəhbəri Ramil Aslanov deyib. Bildirib ki, 2025-ci ilin may və avqust aylarında idxal etdiyi malların rəsmiləşdirilməsi zamanı qanun pozuntularına yol verilib deyə Dövlət Gömrük Komitəsinə və digər aidiyyəti dövlət qurumlarına dəfələrlə müraciət edib.
DGK sədrinə müraciət edən Ramil Aslanovun sözlərinə görə, təqdim etdikləri faktlar və hüquqi arqumentlər indiyədək obyektiv və mahiyyəti üzrə araşdırılmayıb.
Ramil Aslanov bildirib ki, müraciətlərə yalnız formal və şablon cavablar verilib: “Biz müraciətlərimizdə göstərmişik ki, Gömrük Məcəlləsinin 221-ci maddəsinə əsasən, gömrük dəyərinə düzəliş edilməsi ilə bağlı bildiriş gömrük bəyannaməsinin təqdim edildiyi andan etibarən ən geci 24 saat ərzində verilməlidir. Lakin 16 avqust 2025-ci il tarixli gömrük bəyannaməsi üzrə gömrük dəyərinə düzəliş haqqında bildiriş yalnız 21 avqust 2025-ci ildə, yəni bəyannamə təqdim olunduqdan 5 gün sonra verilib. Bununla da qanunvericilikdə nəzərdə tutulan müddət kobud şəkildə pozulub”.

Şirkət rəhbərinin sözlərinə görə, bu faktın özü belə, məhkəməyə təqdim edilmiş materialların geri qaytarılması üçün əsas hesab oluna bilər:
“Bu məsələ artıq mübahisə predmeti deyil. Çünki həmin fakt Dövlət Gömrük Komitəsinin rəsmi cavab məktubunda da öz əksini tapıb. Ancaq paradoks ondadır ki, sənədlərdə göstərilən pozuntuya hüquqi qiymət verilməyib, məsuliyyət məsələsi araşdırılmayıb. Əksinə, həmin hərəkətlərə dolayı yolla haqq qazandırılmağa çalışılıb”.
Ramil Aslanov iddia edir ki, DGK-dan 22 iyul 2026-cı il tarixində şirkətə göndərilmiş cavab məktubunda 2025-ci ildə baş vermiş hadisəyə 2026-cı ildə qüvvəyə minmiş qanun dəyişiklikləri prizmasından yanaşılıb. Onun fikrincə, bu yanaşma hüququn fundamental prinsiplərinə ziddir: “Sonradan qəbul edilmiş qanun norması əvvəlki dövrdə baş vermiş hadisələrə tətbiq oluna bilməz. Bu, təkcə texniki səhv deyil, hüquqi müəyyənlik prinsipinin pozulması və dövlət orqanlarına etimadı sarsıdan yanaşmadır”.
Şirkət rəhbəri Komitə rəhbərliyinə müraciət edərək üzləşdiyi məsələyə hüquqi qiymət verilməsi, qanun pozuntularının araşdırılması və problemlərinin həllini istəyib.

