Azərbaycanın dövlət suverenliyinin tam bərpası uzun və mürəkkəb tarixi prosesin nəticəsidir

Azərbaycanın dövlət suverenliyinin tam bərpası uzun və mürəkkəb tarixi prosesin nəticəsidir

Nizami Salmanov · Siyasət ·

Azərbaycanın dövlət suverenliyinin tam bərpası uzun və mürəkkəb tarixi prosesin nəticəsi kimi xarakterizə olunur. Bu prosesin əsas xüsusiyyətlərindən biri ərazi bütövlüyü məsələsinin uzun illər dövlət siyasətinin mühüm istiqamətini təşkil etməsidir.

30 illik işğal dövründə Azərbaycanın tarixi yaşayış məntəqələrinin dağıdılması, təbii sərvətlərinin talan edilməsi və tarixi-mədəni irsə sağalmaz zərərin vurulması təəssüf ki, beynəlxalq ictimaiyyətin gözü önündə baş verdi. Bununla yanaşı dünya birliyi paralel olaraq eyni zamanda, həmin əraziləri beynəlxalq hüquq baxımından Azərbaycanın ərazisi kimi tanıyırdı. Bu vəziyyət ərazi üzərində hüquqi suverenliklə faktiki nəzarət arasındakı fərqi göstərən nümunə kimi təqdim edilə bilər. Uzunmüddətli danışıqların nəticə verməməsi problemin həllini daha da mürəkkəbləşdirirdi. 2020-ci ildə baş verən Vətən müharibəsi isə əvvəlki mərhələdən fərqli yeni reallıq yaratdı. 44 gün davam edən Zəfər marafonu nəticəsində Azərbaycanın işğal altında olan ərazilərinin böyük hissəsi azad edildi. Kəlbəcər, Ağdam və Laçın rayonları üzrə əldə olunan nəticələr də müharibədən sonrakı prosesin mühüm hissəsini təşkil etdi. Bununla Azərbaycanın ərazi bütövlüyünün bərpası istiqamətində əhəmiyyətli addımlar atıldı. Lakin ərazi bütövlüyünün bərpası ilə dövlət suverenliyinin tam təmin edilməsi arasında müəyyən fərq qalmaqda idi.

Qarabağda qeyri-qanuni silahlı və siyasi strukturların fəaliyyətinin davam etməsi bu məsələnin tam həll olunmadığını göstərirdi. 2023-cü ilin aprelində Laçın-Xankəndi yolunda nəzarət-buraxılış məntəqəsinin yaradılması suverenliyin təmin edilməsi istiqamətində mühüm addım kimi tarixə düşdü. Bu məntəqənin yaradılması Azərbaycanın sərhəd və nəzarət funksiyalarının həyata keçirilməsi baxımından xüsusi əhəmiyyət daşıyırdı. Beləliklə, 2020-ci ildən sonra suverenliyin praktiki təmin olunması istiqamətində əlavə mərhələ formalaşıb. 2023-cü ilin sentyabrında həyata keçirilən antiterror tədbirləri isə həmin prosesin tamamlayıcı mərhələsi idi. Cəmi 23 saat 43 dəqiqə davam edən əməliyyat nəticəsində Azərbaycanın Qalib Ordusu qarşısında qoyulan vəzifələri tam yerinə yetirdi. Bundan sonra separatçı qurumun özünü buraxması Azərbaycanın bütün ərazisi üzərində dövlət hakimiyyətinin bərpası ilə nəticələndi. Beləliklə, 2020 və 2023-cü illər bir-birini tamamlayan iki mühüm mərhələ kimi tarixə keçdi.

Birinci mərhələ ərazi bütövlüyünün bərpasına, ikinci mərhələ isə dövlət hakimiyyətinin bütün əraziyə yayılmasına xidmət etdi. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin 19 sentyabr 2024-cü il tarixli Sərəncamı ilə 20 Sentyabrın Dövlət Suverenliyi Günü elan edilməsi bu tarixi prosesin dövlət səviyyəsində qeyd edilməsinin göstəricisidir. Bu tarix həm keçmişin nəticələrini, həm də suverenliyin gələcək nəsillər üçün qorunmasının məsuliyyətini xatırladır.

Elnur Abdiyev
Neftçala rayonu