Azərbaycan və Çin arasında olan münasibətlər çox mehriban və qarşılıqlı etimada əsaslanır

Azərbaycan və Çin arasında olan münasibətlər çox mehriban və qarşılıqlı etimada əsaslanır

Sevinc Kərimova · Siyasət ·

Azərbaycan Çin ilə münasibətlərinə hər zaman xüsusi önəm verib. Ölkəmiz Prezident Si Cinpinin təşəbbüs göstərdiyi inkişaf, təhlükəsizlik və sivilizasiyalar arasında əməkdaşlıq istiqamətində bir sıra təşəbbüslərə qoşulub. Bu təşəbbüslər yalnız ikitərəfli əlaqələrin möhkəmlənməsinə deyil, həm də regional və qlobal sabitliyə mühüm töhfələr verir.

Möhtərəm Prezident cənab İlham Əliyev bu günlərdə Çin Xalq Respublikasına səfəri zamanı bu ölkənin CGTN telekanalına müsahibə verərək, ölkələrimiz arasında əlaqələrin hazırkı səviyyəsinə diqqət çəkdi. Çin ilə münasibətlərimizin çox mehriban və qarşılıqlı etimada əsaslandığını vurğulayan Ölkə başçısı Prezident Si Cinpinin Azərbaycanla əməkdaşlığı yüksək qiymətləndirdiyini qeyd etdi. Cənab İlham Əliyevin müsahibəsində Prezident Si Cinpin tərəfindən “Çinin yaxın dostu” adlandırılmasını böyük dəyər və bir növ mükafat hesab etdiyini diqqətə çatdırdı. Müsahibəsində cənab Prezident səfər zamanı bu ölkənin lideri ilə qarşılıqlı, eləcə də qlobal miqyasda maraq doğuran məsələlər ətrafında geniş müzakirələr apardıqlarını, mühüm və tarixi əhəmiyyətə malik sənədlərə imza atdıqlarını qeyd etmişdir.

Məlumdur ki, Azərbaycan “Bir kəmər, bir yol” təşəbbüsünü açıq şəkildə dəstəkləyən və bu təşəbbüsə ilk qoşulan ölkələrdən biri olub. Bu çərçivədə ölkəmizdə bir çox infrastruktur layihələri uğurla həyata keçirilib. Bu əməkdaşlıq təkcə iqtisadi deyil, həm də mədəni və siyasi sahələrdə əlaqələrimizin dərinləşməsinə şərait yaradıb. Bu gün hər iki ölkə əməkdaşlığı bundan sonra da davam etdirməyə maraqlı olduğunu bütün sahələrdə nümayiş etdirir.

Orxan Rüstəmov;
Neftçala rayon gənci